17 Noyabr 2014 10:42
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin təbliğatına qoşulmanızdan təəssüflənirəm”

İqtisadçı-alim, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu sosial şəbəkədə barəsində səsləndirilən iddialara cavab verib. Q.İbadoğlunun Dövlət Neft Fondu (ARDNF) rəhbərliyi ilə arasındakı sıcaq münasibətlərdən bəhs edən iddiaların əsas müəllifi Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovdur.

Sahib Məmmədovun iddiaları isə aşağıdakı kimidir:

"Bir müddətdir ki, Qubad İbadoğlunun Neft fondunun rəhbərliyi ilə intensiv məsləhətləşmələr apardığını bilirdim. Myanmardan başlanan sövdələşmə artıq nəticəsini verməyə bağlayıb. Neft Fondu qərara gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə bağışlasın və qalan təsisçilər ilə yavaş-yavaş uzaqlaşdırılsın. Şahmar müəllim bu barədə mən hələ ÇQ üzvü olanda demişdi. O bildirmişdi ki, Koalisiya mandatından kənara çıxır (mən bu fikirlə tam razıyam son illər bu koalisiya Müsavat və AXCP nin əlində marionetka olub ). Mən də dəflərlə bu barədə çıxışlar etmişəm. Amma koalisiya daxilində bu qarşıdurmaların başında həmişə Qubad İbadoğlu dururdu. İndi hər şey aydındır. İndi də HSŞT Koalisiyasını ələ keçirmək yolu tutub. Rəsmi bəhanəsi də budur ki, bu təşəbbüsün Şahmar Mövsümovdan gəldiyini və Qubad İbadoğlunun adına koalisiyanın QHT kimi qeydiyyatdan keçirməyə söz verdiyini bildirir. Məsələ ondadır ki, Koalisiyanı ilk təsis edən 25 təşkilatdan biri də mənim təmsil etdiyim təşkilatdır. İndi Koalisiyanın 140 dan çox təsisçisi var. Mən vaxtı ilə Seçim qrupunun rəhbəri və Çoxtərəfli Qrupun üzvü olmuşam. HSŞT haqqında qanun layihəsinin müəllifiyəm. İndi Qubad İbadoğlu Koalisiyanı özəlləşdirir. Və bunu Neft Fondunun tapşırığı ilə etdiyini utanmadan yazır. Onunla bağlı hər şey aydındır. Amma mən susan deyiləm."

Q.İbadoğlu iddialara cavab verib. Teleqraf.com başqanlığa keçmiş namizədin cavabını təqdim edir.

“Hörmətli və fədakar müsavatçılar, sizlərin bəzilərinin Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvləri olan və hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin apardığı təbliğata qoşulmağınızdan təəssüflənirəm. Siz orda nə baş verdiyini həmin Koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Odur ki, bu məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan kampaniyasına kor-koranə qoşulmayın. Məsələ burasındadır ki, Myanmarda hökumətin arzulamadığı qərar verildi (http://eiti-ngo-azerbaijan.org/az/?p=1509) Məhz Myanmarda Beynəlxalq İdarə Heyətinin verdiyi həmin qərardan sonra hökumət bəyanatla çıxış etdi ki, bu qərar bizə təzyiqdir və ona görə də Azərbaycan Mədən sənayesində şəffaflıq təşəbbüsündən (MSŞT) çıxa bilər. O zaman həmin adamlar məni suçlayırdı ki, siz Myanmarda ölkənin əleyhinə qərarlara rəvac veribsiniz, MSŞT-dən Azərbaycanın çıxmasına şərait yaradıbsınız.

İndi isə müzakirə olunan məsələyə aydınlıq gətirmək istəyirəm. MSŞT Koalisiyasının Şurası qərar verib ki, yaranmış vəziyyəti müzakirə etmək üçün Şahmar Mövsümovla görüş keçirilsin, çünki o MSŞT üzrə hökümət komissiyasının sədridir. Görüşdə 6 nəfər Şura üzvü iştirak edib, vətəndaş cəmiyyətində yaranmış problemlər müzakirə olunub və Koalisiya üzvlərinin bank hesablarına həbs qoyulduğuna görə çıxış yollarından biri kimi yeni ictimai birlik yaradılması təklif olunub. MSŞT Koalisiyasının Şurası da bu təklifi müzakirə edib, səsvermə nəticəsində qərar verib ki, 3 nəfərdən ibarət təsisçi qrup bu işlə məşğul olsun, yeni ictimai birliyin sənədlərini hazırlayıb Ədliyyə Nazirliyinə versin. Hələ bilinmir ki, o təşkilatı qeydiyyata alacaqlar, yoxsa yox. Mənim rəhbərlik etdiyim və 1999-cu ildən qeydiyyatda olan, adlı-sanlı və dünya şöhrətli İqtisadi Tədqiqatlar Mərkəzi avqustun sonundan bank hesablarına həbs qoyulmasına görə fəaliyyətini dayandırıb. İndiki şərtlərlə yeni yaradılan təşkilatı işlətmək o qədər də asan olmayacaq. Amma buna baxmayaraq, sizə məlum olan Koalisiya üzvləri ona görə səs-küy salırlar ki, birincisi təsisçilərin siyahısına onlar daxil edilməyib, ikincisi də onlar Koalisiyanı da parçalayıb hökumətin nəzarətinə vermək istəyirlər. Sizə nə olub?”

Ayxan


Müəllif: