Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlər zamanı qanunlara məhəl qoymayaraq tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda prosedur qaydalarına uyğun olaraq “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər.
Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq Cəbrayıl rayonu istiqamətində hərəkəti davam etdirib.
Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib. Aparılan araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.
E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.