30 Dekabr 2021 15:51
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bankda pul xırdalayıb çıxan vətəndaşa qarşı sanitar qovşağında quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, hadisə dekabrın 23-də paytaxtın Nizami rayonunda qeydə alınıb.

Hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb.

Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb.

Zərərçəkən ərazi üzrə Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib.

Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib.

Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Hadisə ilə əlaqədar 25-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami rayon Polis İdarəsinə göndərilib.

Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər