Milli Məclis 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini davam etdirir.
Dünən büdcə zərfi ilə bağlı əsasən hökumət nümayəndələri çıxış edib. Bu gün isə millət vəkilləri büdcə ilə bağlı təkliflərini irəli sürüb.
Deputat Fəzail Ağamalı bildirib ki, Prezidentin müəyyən etdiyi iqtisadi siyasət baş nazirin rəhbərliyi ilə həyata keçirilir: “Ümid edirəm ki, növbəti il üçün də büdcə yüksək səviyyədə həyata keçiriləcək. Mən bəzi fikirlərimi diqqətə çatdırmaq istərdim. Seçildiyim Neftçala-Salyan rayonu ilə bağlı müəyyən məqamları qeyd etmək istərdim. Salyan-Şirvan avtomobil yolunun inşası ilə bağlı Prezidentin sərəncamı oldu və işlər başlandı. Ölkənin cənubunu qərb regionu ilə birləşdirən bu nəqliyyat yolu ilə bağlı büdcədən maliyyə ayrılsın. Həmçinin qazlaşdırılma məsələsini qaldırmaq istərdim. İstərdim ki, 2015-ci ildə bu iki rayonun kəndləri qazlaşdırılsın. Eləcə də emal müəssisələrinin yaradılmasına diqqət artırılmalı və güzəştlər tətbiq edilməlidir. Daxili bazarın qorunmasına da ciddi diqqət edilməlidir. Azərbaycan meyvə və tərəvəzlə özünü təmin edir. Xaricdən gələn meyvə və tərəvəzlərə az miqdarda vergilər tətbiq edilir. Fikrimcə, bu məsələyə də baxılmalı, daxili bazar qorunmalıdır”.
Deputat təklif edib ki, 2015-ci ildə hökumət texniki peşə məktəblərini bərpa etməlidir: “Vacib məsələlərdən biri də bank sektorudur. Lakin bu gün kommersiya banklarının verdiyi kreditlərinin faizi həddən artıq yüksəkdir. Bu faizlərin aşağı salınmasına ciddi ehtiyac duyulur. Əgər kommersiya bankları Milli Bankın tövsiyələrinə diqqət etmirsə, bəlkə qanuna yenidən baxaq və əhalini kommersiya banklarının mədəsindən xilas edək”.
Nemət