İsmayıllı rayon polis şöbəsinə fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildilib.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Fevralın 11-də İsmayıllıda orta məktəbdə baş verən qətlin təfərrüatları məlum olub.
25 yaşlı Bəxtiyar Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Buna görə fevralın 11-də Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər.
Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər.
Buna əsəbiləşən Bəxtiyar həmin gün məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.
Qeyd edək ki, 4 uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb.
Bəxtiyar Əhmədli Vətən Müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib.
İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.