14 Fevral 2022 13:42
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi və 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində H.Seyidzadə, C.Xəndan, A.Məmmədova, S.S.Axundov, Ə.Naxçıvani küçələrində, Azadlıq və M.K.Atatürk prospektlərində qrunt suları üçün nəzərdə tutulan 26 ədəd dəmir barmaqlıqları və su ötürücülərinin dəmir qapaqlarını oğurlamaqda şübhəli bilinən Quba rayon sakini T.Nuriyev və Bakı şəhər sakini S.Əhmədov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı T.Nuriyevdən metamfetamin, S.Əhmədovdan isə heroin aşkar edilib.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə fevralın 11-də Yeni Suraxanı qəsəbəsindəki evlərin birindən soyğunçuluq yolu ilə içərisində 201 manat və sənədlər olan pulqabının aparılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov müəyyən edilərək saxlanılıb.

Metropolitendə polis şöbəsinə fevralın 9-da metronun “28 May” stansiyasında Gəncə şəhər sakini M.Cəfərovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov müəyyən edilərək saxlanılıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində 12 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədli müəyyən edilərək saxlanılıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıblar.


Müəllif: Hacı Zeynalov