15 Mart 2022 12:25
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda vergidən yayınmaqda təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Məhkəməsindən bildirilib.

Martın 14-də, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən T.Ş (ad şərti verilib) barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılıb.

T.Ş. xüsusilə külli miqdarda vergini və işsizlikdən sığorta haqqını ödəməkdən yayındırmaq məqsədilə tanışları E.S. N.A. və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "X" MMC-nin direktoru vəzifəsinə 22 oktyabr 2018-ci ildən E.S təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, MMC-nin adına idxal olunmuş 2018-ci ildə 667.723,22 manat (ƏDV-siz) dəyərində, 2019-cu ildə 8.196.043,77 manat (ƏDV-siz) dəyərində kənd təsərrüfatı məhsullarının (kartof və soğan) gömrük rəsmiləşdirilməsini və satışını N.A ilə birlikdə aparıb, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edib, 2018-ci ilin 4-cü rübü üzrə 2,14 manat işsizlikdən sığorta haqqı, 2019-cu ilin yekunu üzrə 753.786,06 manat manat mənfəət vergisi olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 753.788,2 manat məbləğində vergini və işsizlikdən sığorta haqqını ödəməkdən yayınıb.

Martın 14-də T.Ş. təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində cəlb olunmuş T.Ş. barəsində Yasamal rayon Məhkəməsi tərəfindən 1 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər