Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli kuçəsində yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar.
Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə ilə əlaqədar əraziyə cəlb olunmuş Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.