25 Noyabr 2014 11:03
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov: “AXCP-də az-çox dövlətini istəyən insanlar partiyanı tərk edirlər”

“Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədliyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, elektorat olmadığı üçün çalışırlar ki, seçki prosesinə kölgə salsınlar.

Halbuki, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzunun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Amma proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensalı yoxdur. Onlar bir qrup adamdırlar ki, qərargahda toplaşıb mətbuat üzərindən fəaliyyət göstərirlər”.

Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsini şərh edərkən bildirib.

YAP funksionerinin fikrincə, ikinci səbəb müxalifət partiyalarının daxilində ciddi qarşıdurmaların yaşanması ilə bağlıdır: “Həm Müsavat, həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. Müsavatın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər.

Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər, necə bələdiyə seçkilərinə qoşulsunlar?".

Siyavuş Novruzov əlavə edib ki, YAP ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyini irəli sürüb, onların da 15 min nəfərə yaxını imza vərəqələri alıb: “Artıq bir neçə gün öncə imzatoplama kampaniyası uğurla başa çatıb və imza vərəqələri müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunub. Konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb. Biz bütövlükdə 15035 bələdiyyənin hamısına namizəd irəli sürmüşük. Bələdiyyə seçkilərinin bir tələbi ondan ibarətdir ki, namizəd olmaq istəyən şəxslər gərək yaşayış qeydiyyatında olduğu ərazidə bu prosesi həyata keçirsin. Yəni bir ərazidə qeydiyyatda olan şəxslər digər ərazidə bələdiyyəyə namizədliyini irəli sürə bilməz. Elə nümayəndələr var idi ki, faktiki həmin ərazidə yaşasa da, amma başqa yerdə yaşayış qeydiyyatındadır. Buna görə də, bir neçə nəfərə dairə seçki komissiyaları tərəfindən imza vərəqələri verilmədi. Eyni zamanda, səhhəti ilə əlaqədar olaraq öz namizədliyini geri götürənlər də oldu. Bu səbəblərdən təxminən 174 nəfərə imza vərəqələri verilmədi. Onlar istisna olunmaqla bütün bələdiyyələrə namizədlərimiz irəli sürülüb. Qeydə alınan namizədlərin bütün sənədləri təqdim olunub, yoxlanılıb və bələdiyyəyə namizəd kimi qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə təmin olunublar. Bundan əlavə, YAP həm Mərkəzi Seçki Komissiyasına, həm də dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzvü təyin etməlidir. Artıq MSK üzrə nümayəndəmiz təyin olunub. DSK və məntəqə seçki komissiyalarına da məşvərətçi səs hüquqlu üzvlər təyin ediləcək. Çünki seçki qanunvericiliyi YAP-a bu hüququ verir. Belə ki, Seçki Məcəlləsinə əsasən bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürən partiya vahid formada təbliğat işini apara bilər, həmçinin, hər dairə və məntəqəyə 1 nəfər məşvərətçi səs hüquqlu üzv ilə müşahidəçi təyin edə bilər”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər