25 Noyabr 2014 11:12
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası (AKP) bələdiyyə seçkilərinə qatılacağını açıqlayıb.

AKP sədri Rauf Qurbanov bildirib ki, hazırda partiya üzvlərinin imza vərəqələri müvafiq dairə seçki komissiyalarına təqdim olunur:

“Seçki qərargahımız intensiv çalışır. Noyabrın 30-da Mərkəzi Komitənin növbəti büro iclasıdır. O zaman neçə partiya üzvümüzün namizədliyinin qeydə alındığını dəqiq biləcəyik. Namizədliyi qeydə alınmış partiya üzvlərimizlə bağlı Seçki Məcəlləsinə uyğun olaraq təbliğat kampaniyası başlayacağıq. Gücümüzü toplayıb üzvlərimizin əsas namizədliyini Bakının rayonları, Mingəçevir, Gəncə, Sumqayıt, Şəmkir, Lənkəran kimi iri şəhərlərdə irəli sürmüşük. İndiyədək namizədliyi irəli sürülən kommunistlərin təxmini sayı 300 nəfərdir”.

R.Qurbanovun sözlərinə görə, noyabrın 1-də Kommunist Partiyalar İttifaqının 35-ci qurultayında iştirak üçün Minskdə səfərdə olub: “Həmin qurultayda Azərbaycan nümayəndə heyəti 7 nəfərlə iştirak elədi. Mən çıxışımda 34-cü qurultaydan keçən dövr ərzində respublikada baş verən hadisələrlə əlaqədar qurultay iştirakçılarına məlumat verdim, çıxışımın bir məqamında Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovu rəsmi qonaq kimi Azərbaycana dəvət elədim. Ötən il Züqanov Azərbaycanda olub, bir daha vurğuladım ki, onu Azərbaycanda görməkdən məmnun olarıq. Hesab edirəm ki, Züqanovun ölkəmizə 2-ci dəfə səfəri Azərbaycanla Rusiya xalqları arasında dostluq və mehribanlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək. Züqanovla sonra görüşümüz oldu, o, çıxışımdakı məqamlara dəstək verdiyini bildirdi və dəvətimi qəbul etdiyini söylədi. Fikrimcə, bu səfər 2015-ci ildə baş tuta bilər. Züqanovun səfəri zamanı rayonlara səfərimiz və yerlərdə kommunistlərlə görüş də nəzərdə tutula bilər”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər