26 Noyabr 2014 11:08
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: "Ermənistan hərbi düşərgəsi ölkə iqtisadiyyatını başqa cür saxlaya bilmir"

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 23-də ABŞ-ın Los-Anceles şəhərində "Telemarafon-2014" çərçivəsində keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Bako Saakyan işğalçı rejimin sosial-iqtisadi durumundan Vardenis-Mardakert (Basarkeçər-Ağdərə) magistral yolunun (Kəlbəcərdən keçir) tikintisindən danışıb. Marafonda yığılan pul Dağlıq Qarabağda müxtəlif layihələrə, o cümlədən bu yolun salınmasına xərclənəcək. Tədbirdə Dağlıq Qarabağ rejiminin dini rəhbəri Parqev Martirosyan, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sərkisyan da iştirak edib.

Daha sonra Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Fransaya yollanıb.

Fransadakı Azərbaycan diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib. Bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, Region Departamentinin prezidenti Didier Guillauma, Fransa parlamentinə və Senatına təqdim olunub.

Sənəddə separatçı rejimin rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq və anlaşmaya kölgə sala biləcəyi qeyd olunub. Müraciətdə bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə "Dostluq haqqında bəyanat" imzalaması hüquq normalarına ziddir.

Fransadakı Azərbaycan diasporu ümid edir ki, münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa beynəlxalq hüquq normalarından çıxış edəcək, Avropanın yanında yer almış bir dövlətin etibarını Avropanın qarşısında olanlarla bir sırada dayanan Ermənistana qurban verməyəcək: "Ukrayna ilə bağlı hadisələrdə Avropanın maraqlarına qarşı çıxan Ermənistana və onun dəstəklədiyi separatçı bir rejimə Avropanın aparıcı ölkəsi olan Fransanın belə mehribancasına qucaq açması, eyni zamanda, daim Avropanın maraqlarından çıxış edən Azərbaycanı ciddi şəkildə narahat edən addımlar atması anlaşılmazdır".

Qeyd edək ki, 54 yaşlı Bako Saakyan işğalçı müharibənin ən qanlı nümayəndələrindən biridir. O, 1990-cı ildən separatçıların formalaşdırdığı qanunsuz hərbi birləşmələrin komandirlərindən olub. Separatçı rejimə 2007-ci ildən rəhbərlik edir. Belə bir insanın ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə - ABŞ və Fransaya səfərlər etməsi, orada görüşlər keçirməsi birmənalı qarşılanmır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, bu cür marafonlar, bu cür dilənçilik təkcə ABŞ-da deyil, dünyanın erməni icması yaşayan bütün ölkələrində keçirilir. Onun sözlərinə görə, Kaliforniyadan bir neçə dəfə artıq yardım Argentinada yaşayan zəngin ermənilərdən alınıb: "Burda maraqlı bir məqam var. Məsələ ondadır ki, xaricdə yaşayan ermənilər humanitar yardım kimi ermənilərə yardım verirlər. Ancaq Ermənistan iqtisadiyyatına bir sent investisiya yatırmırlar. Çünki onlar bu pulların hərbi düşərgənin əlindən ölkəyə qayıdacağına, yaxud da Ermənistanda hansısa iqtisadi layihəyə qoyacaqları investisiyanın ölkəyə xeyir gətirəcəyinə bəribaşdan inanmırlar. Bu baxımdan, bu marafonda yeni bir şey yoxdur. Hər zaman erməni diasporundan pul alıb onun hesabına yaşayan Ermənistan hərbi düşərgəsi ölkə iqtisadiyyatını başqa cür saxlaya bilmir".

A.Mollazadə bildirib ki, bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ittiham etmək o qədər də doğru yanaşma deyil: "Bu marafonu həmin ölkələr etmir. Bunu həmin ölkələrin erməni vətəndaşları edir. Ona görə də burda söhbət ilk növbədə dünyada çox zəngin və güclü olan erməni icmasının fəaliyyətindən gedir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ABŞ-a, yaxud dünyanın digər ölkələrinə gedən Qarabağdakı işğalçı rejimin nümayəndələri Ermənistanın vətəndaşları kimi, erməni pasportları ilə səfərlər edirlər. Onları Qarabağ rejiminin rəsmiləri statusunda heç kim qəbul etmir".

Deputat, həmçinin deyib ki, Dağlıq Qarabağdakı rejimin və Ermənistanın bu marafonlarda yığılan vəsaitin xaricində başqa qazancları yoxdur.

A.Mollazadə B.Saakyanın Fransanın Burq Le Valans şəhərinin meri ilə imzaladığı bəyanata da münasibət bildirib: "Əslində, hamıya aydındır ki, bu şəhərin beynəlxalq siyasətlə məşğul olmaq hüququ yoxdur. Fransanın dövlət siyasətini Fransa hökumətinin qəbul etdiyi qərarlar müəyyən edir. Bu baxımdan, Fransada yaşayan Azərbaycan və Türkiyə vətəndaşları, icmaları bu istiqamətdə öz fəaliyyətlərini gücləndirərək etirazlarını bildirməlidirlər. Onlar bu cür qeyri-qanuni qərarlara öz etirazlarını çatdırmalıdırlar".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər