26 Noyabr 2014 16:45
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial demokratlar yubiley keçirir

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) dekabrın 18-də 18 illik yubileyini keçirəcək.
Bu barədə Teleqraf.com-a açıqlamasında ASDP sədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, partiyanın yubiley tədbirinə Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri ilə yanaşı xaricdən qonaqlar da dəvət ediləcək: “İndi partiyamızın ildönümünə olan hazırlıq işləri ilə məşğuluq. Azərbaycanla yanaşı xaricdən dostlar dəvət olunacaq”.

Onun sözlərinə görə, tədbirə partiya lideri Ayaz Mütəllibov da dəvətlidir: “ Sosialist İnternasionalın baş katibi Luis Ayala, görkəmli Rusiya siyasətçisi Sergey Baburin, Qazaxıstan Sosial Demokrat Partiyasının sədri Jarmaxan Tuyakbay yubileyimizə gələcək”.

A.Əlizadə əlavə edib ki, dekabrın 9-dan 14-dək Sosialist İnternasionalının məşvərət konfransında iştirak etmək Cenevrədə olacaq. O bildirib ki, konfransda 167 ölkədən nümayəndə iştirak edəcək. Tədbir BMT çərçivəsində baş tutacaq və terrorizmə qarşı mübarizə mövzusunda müzakirə aparılacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin çıxışı da olacaq: “Ölkəmizin əsas problemi Qarabağ problemi və Azərbaycana qarşı terror əməliyyatları barədə danışacağıq”.

Qeyd edək ki, ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın lideri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur. ASDP Sosialist İnternasionalında təmsil olunur. Dünyanın əksər ölkələrinin sol yönümlü partiyalarını özündə birləşdirən “Sosintern”in baş katibi Azərbaycanda ilk dəfə 2007-ci ildə olub.
Sergey Baburin isə bu ilin sentyabr ayının sonlarında Azərbaycanda olub. O, İvanovo Beynəlmiləl Uşaq Evinin məzunlarından ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər