29 Aprel 2022 11:03
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində marşrut avtobusunda Bakı şəhər sakini S.Qasımovanın çantasından 100 manat pulunu, bir həyətyanı sahədən su nasosu, bir avtomobildən akkumulyator, digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədli müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aprelin 25-nə keçən gecə Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən noutbuk, printer, modem və 2 ədəd gərginlik doldurucusunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Vəlizadə, Sumqayıt şəhər sakini Həzi Həziyev və Abşeron rayon sakini Sərdar Şıxıyev müəyyən edilərək saxlanılıblar.

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.Qarayev prospektində yerləşən marketlərin birindən 490 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Dadaşov müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov