11 May 2022 10:08
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış jurnalisti Məzahir Süleymanzadə 70 yaşında vəfat edib.

Teleqraf.com-un məlumatına görə, Məzahir Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib.

Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər