19 Noyabr 2022 10:58
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.

Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu “Kent”, 7 980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.

Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur. Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com