Vüqar Zifəroğlu: "Zamanın eyni günlərə təsadüf etməsi bir mesajdır"
Türkiyə polisi "Paralel yapı" əməliyyatı çərçivəsində aralarında polis və media mənsublarının olduğu 25 nəfəri saxlayıb. İstanbul prokuroru Hadi Salihoğlu haqlarında saxlanma qərarı çıxarılmış 31 nəfər şübhəli şəxsin adını açıqlayıb. O əlavə edib ki, "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı istintaqa gəlməsi barədə çağırış almasına rəğmən gəlmədiyi üçün polis tərəfindən saxlanılıb. "Saman yolu" televiziyasının (STV) baş direktoru Hidayet Karaca da həbs edilib.
Qeyd olunur ki, saxlanılması barədə qərar çıxarılmış şəxslər vaxtilə saxta "dəlillər" hazırlayaraq, "Tahşiye" adlı qondarma cinayətkar dəstə uydurublar. Adı çəkilənlər arasında "Saman yolu" televiziyasının (STV) baş direktoru Hidayet Karaca, "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı, "Bu gün " qəzetinin yazarı Nuh Gönültaş, STV-dəki bir çox serialın ssenaristi, rejissoru və aktyoru, həmçinin polis məmurları da var. Türkiyədə medianın önəmli isimlərindən olan Nuh Gönültaş artıq xaricə qaçıb.
Dünən İstanbulun müxtəlif rayonlarında təşkil olunmuş əməliyyatlarda həbs olunanlardan 4 nəfər sərbəst buraxılıb. "Paralel yapı" istintaqı çərçivəsində saxlanılan media işçilərindən 27-i haqqında həbs qərarı çıxarılıb.
"Baş naziri dinləyənlər anlamalıdırlar ki..."
Həbslərlə bağlı açıqlama verən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, dövlət əleyhinə olan strukturlar xalq və tarix qarşısında cavab verəcək: "Dövlət müəssisələrinə daxil olan, prezidenti baş naziri dinləyənlər anlamalıdırlar ki, onların bu hərəkətinin bir cəzası da var".
Baş nazir bildirib ki, "parallel"çilər hətta Türkiyə Milli Təhlükəsizlik İdarəsinin sıralarına da daxil olaraq hökumətə qarşı əməliyyat keçirməyə cəhd ediblər: "Bizə etibar edilən milli maraqları sona qədər qorumalıyıq".
Türkiyənin "Milliyet" qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə isə adı siyahıda yer alan 32 nəfərdən biri camaatın və "silahlı terror təşkilatı"nın lideri Fətullah Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara bilməyib. Səbəb isə onun ABŞ-da yaşamasıdır. Qəzetin yazdığına görə, dünən başlayan əməliyyatı icra edən İstanbul Prokurorluğu Gülən haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra Fəthullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyi deyilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl F.Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyini, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyini deyib.
Oğuz Müstəqil Araşdırmaçılar qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu məsələyə münasibət bildirərək deyib ki, bu proseslər keçən ilin 17 dekabrında başlamış və nazir oğullarının gözaltına alınması, eləcə də bir neçə nazirin istefası ilə nəticələnən məşhur "Korrupsiya əməliyyatı"na qarşı tərəfin cavabı olaraq qəbul edilməlidir.
Onun sözlərinə görə, bu, gözlənilən idi və həbslərin mərhələli şəkilə davam edəcəyini istisna etmək olmaz: "Hətta zamanın da eyni günlərə təsadüf etməsini bir mesaj olaraq qiymətləndirə bilərik. Nə zamansa iqtidar ortağı olmuş qüvvələrin artıq bir ildən artıqdır ki, açıq müstəvidə davam edən qarşıdurması "paralel yapı" təşkilatına vurulan son zərbə ilə yeni mərhələyə keçdi. Təsadüfi deyil ki, keçirilən əməliyyatlarda əsas hədəf məhz "Gülən camaatı"nın mediadakı aparıcı yazarları seçilib. Bu isə seçkiqabağı dönəmdə mediada "camaat"ın rəqib tərəfindən zərərsizləşdirməsi kimi də qəbul edilə bilər".
Analitikin fikrincə, son hadisələrdən sonra AKP-nin siyasi ittifaqının təməllərini formalaşdıran "Camaat-Milli Görüş" ittifaqının tamamən dağıldığını söyləmək mümkündür: "Bu isə ilk növbədə müxalifətdə olan solçu CHP və sağçı MHP-nin qarşıdan gələn parlament seçkilərində işinə yaraya bilər. Təbii ki, onlar ötən bələdiyyə və prezident seçkilərində olduğu kimi, yanlış siyasi xətt götürməzlərsə..."
V.Zifəroğlunun fikrincə, burada başqa bir maraqlı məqam, ABŞ-ın baş verən həbslərə operativ reaksiyasıdır: “Maraqlıdır ki, bir neçə il bundan əvvəl Türkiyədə qondarma “Ergenekon”, “Balyoz” kimi əməliyyatlarla onlarla vətənpərvər yazar və digərləri həbsə atıldığı zaman, ABŞ buna heç bir reaksiya göstərməmişdi. Bunun özu də Türkiyədə baş verən daxili siyasi proseslərə Birləşmiş Ştatların öz maraqları çərçivəsində ikili yanaşma standartı tətbiq etməsindən xəbər verir.
Təbii ki, ABŞ-ın bu operativ reaksiyası təkcə tərəflərdən hansısa birinin təəssübkeşliyini çəkməkdən qaynaqlanmır, eyni zamanda son zamanlar enerji və bir sıra ticarət məsələlərində razılaşmalarla nəticələnən Türkiyə-Rusiya yaxınlaşması da önəmli faktordur”.
BƏXTİYAR