Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları bütün dünya üçün həyati əhəmiyyətə çevrildi. Lakin ABŞ kimi nəhəng və hər kəsi idarə etmək ambisiyasını ortaya qoyaraq imperiya siyasət yürüdən ölkələrdə bu işi görmək üçün xüsusi cəsarət lazımdır. Nəzərə alaq ki, bu imperiyanı Sovet İttifaqı ilə rəqabət dövründə də, ondan sonra da bütün dünyanın sərvətini əllərində cəmləməyə çalışan böyük biznes şəbəkəsinin faktiki təyin etdiyi şəxslər idarə edir. 1990-cı illərin əvvəllərində SSRİ süquta uğradıqdan sonra şəbəkə və onun təyin etdiyi prezidentlər birqütblü dünya nizamını faktiki olaraq rəsmiləşdirdilər və hazırda onu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.
Son illər Culian Assanc və Edvard Snouden ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsus məxfi sənədləri və informasiyaları açıqlayaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əsl üzünü, düşmənləri bir yana qalsın, hətta dostlarına qarşı riyakar davranışını ifşa etdilər. Snouden ABŞ-ın xüsusi xidmət orqanlarının bütün dünyada dövlət və hökumət başçılarının, ayrı-ayrı strukturların, medianın, hüquq müdafiə təşkilatlarının fəaliyyətini, danışıqlarını yaxından izlədiyinə dair çoxsaylı sübutlar ortaya qoydu. Wikileaks və onun rəhbəri Culian Assanc isə Dövlət Departamentinin yazışmalarını bütün dünyaya təqdim edərək ABŞ-ın müxtəlif ölkələrdə apardığı məkrli siyasəti tam ifşa etdi. Təbii ki, şəbəkə və onun iradəsini həyata keçirən Barak Obama məsələni belə qoya bilməzdi və dərhal qisas mexanizmi işə salındı. Onlar cavab zərbəsi endirərək, həmin insanları həbslə susdurmağa çalışdılar. Bu, ABŞ-ın demokratiya və insan hüquqları baxımından necə qəddar bir ölkəyə çevrildiyini sübut edən nümunələrdəndir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin iyununda “The Guardian” və “The Washington Post” qəzetlərinin redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktlar və PRİSM, X-Keyscore, Tempora kimi layihələr barədə məlumatları ötürdü. Pentaqonun məxfi hesabatına əsasən, Snouden 1,7 milyon faylı ələ keçirməyə müvəffəq olmuşdu. Bunların əksəriyyəti ABŞ ordusu, hərbi-dəniz qüvvələri, dəniz piyadaları və hərbi-hava qüvvələrinin həyata keçirdiyi əməliyyatlara aid idi. Məsələ ilə əlaqədar 2013-cü il iyunun 14-də Snoudenə qarşı casusluq və dövlət mülkiyyətinin mənimsənilməsi ittihamları irəli sürüldü və o, beynəlxalq axtarışa verildi. Snouden əvvəlcə Honqkonqa, sonra isə Rusiyaya qaçdı və 2013-cü ilin avqustunda Rusiyada müvəqqəti sığınacaq, sonra isə yaşamaq hüququ aldı. Hazırda Snouden Moskva ətrafında yaşayır və qətlə yetiriləcəyindən qorxaraq evdən bayıra çıxmır. Onun ciddi mühafizə olunduğu da deyilir. Bu da təbiidir, çünki ABŞ xüsusi xidmət orqanlarının belə şəxsləri müxtəlif vasitələrlə aradan götürdüyü heç kimə sirr deyil.
Wikileaks saytının yaradıcısı Culian Assancın taleyi isə daha acınacaqlıdır. Bu, ABŞ-ın müxtəlif adamları ləkələmək, həbs etmək üçün bir tərəfdən hansı mürtəce metodlardan istifadə etdiyini, digər tərəfdən də bəzi ölkələr istisna olmaqla, dünyanın istənilən nöqtəsində ciddi təsir mexanizmlərinə malik olduğunu açıq göstərir. Çünki Assancın qanuni yolla həbsi üçün heç bir hüquqi əsas tapmayan Vaşinqton Avropadakı müttəfiqləri vasitəsilə ona qarşı qurama iş təşkil etdi. 2010-cu il avqustun 20-də İsveç məhkəməsi Assancı iki qadını zorlamaqda şübhəli bilərək onun həbsi ilə bağlı qərar çıxardı. Şübhə isə ondan ibarət idi ki, guya Assanc intim əlaqədə olduğu və adının hansı səbəbdənsə açıqlanmadığı qadının xüsusi qoruyucu vasitələrdən istifadə etmək xahişini nəzərə almayıb. Həmçinin hansısa “miss X” yuxuda olarkən, Assanc qoruyucu vasitə istifadə etmədən onunla cinsi əlaqəyə girib. Çox maraqlıdır ki, Avropa ölkələrinin tam əksəriyyətində bu kimi əməllər təsdiqini tapdıqda belə cinayət məsuliyyətinə alınmırlar. İsveç isə bu mənada istisna təşkil edir. C.Assanc müxtəlif ölkələrdə qadınlarla intim əlaqələrdə ola bilərdi, amma belə hallar yalnız İsveçdə cinayət məsuliyyəti doğurduğuna görə, Wikileaks rəhbərinə də məhz bu ölkədə cinayət işi açıldı. Özü də Wikileaks-ın ifşaedici materiallar yaymasından dərhal sonra.
Culianın özü müxtəlif nəşrlərə müsahibələrində bildirib ki, bu ittihamlar saxtadır və Wikileaks-də “əfqan işi” açıqlandıqdan sonra ona qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. Maraqlıdır ki, bundan sonra İsveç hakimiyyəti Assancın həbsi ilə bağlı qərarı ləğv etsə də, 2010-cu il sentyabrın 1-də “zorlama” məsələsi ilə bağlı iş yenidən qaldırıldı. Noyabrın 18-də C.Assancın həbsinə order verildi, dekabrın 8-də isə İnterpol onu beynəlxalq axtarışa elan etdi. Assancın Böyük Britaniyaya sığınmaq cəhdi də uğursuz alındı və London məhkəməsi onun İsveçə ekstradisiyası ilə bağlı qərar çıxardı. Nəticədə Wikileaks rəhbərinin Ekvadorun Londondakı səfirliyinə sığınmaqdan başqa çıxış yolu qalmadı.
Məsələnin gülünc tərəfi də odur ki, bu günə kimi Assanca qarşı rəsmi şəkildə əsaslı heç bir ittiham irəli sürülməyib. İsveç polisi iddia edir ki, ehtimal olunan cinayət işinin təfərrüatının aydınlaşdırılması üçün onu sorğulamaq istəyir. Ekvador səfirliyinin onunla səfirlikdə görüşmək təklifi də səbəbi göstərilmədən rədd edilib.
Əlbəttə, C.Assancın işi siyasi motivlidir və Wikileaks-in fəaliyyəti ilə birbaşa bağlıdır. ABŞ hökuməti Avropadakı müttəfiqlərinin əli ilə Assancın səsini boğmağa və təcrid etməyə çalışsa da, onun Ekvadorun səfirliyinə sığınması Vaşinqtonun bütün kartlarını dolaşdırdı. Medianın yaydığı məlumata görə, Britaniya hökuməti Assancı həbs etmək üçün Londondakı Ekvador səfirliyinə hücum təşkil etmək planından son anda imtina edib. Buna səbəb isə belə halın həm də ciddi diplomatik qalmaqala səbəb olacağı riski ilə bağlı olub.
Əslində, məsələ ətrafında dərindən düşündükdə, aydın olur ki, həbs təhlükəsi ilə bağlı Ekvador səfirliyini tərk edə bilməyən C.Assanc sadəcə daha rahat həbsxanadadır. Onun İsveçrədəki bank hesabları bloklanıb, Wikileaks-in beynəlxalq ödəniş sistemlərinə çıxışı qapadılıb, Assancın tərəfdarlarının Facebook və Twitterdəki akkauntlarının fəaliyyəti də dayandırılıb. Ekvador səfirliyindəki balaca bir otaqda onun yatağı, kitab rəfi, masası, oturacağı və gündüz işığı var. 2012-ci il sentyabrın 27-də isə ABŞ onu “dövlətin düşməni” elan edib.
C. Assancın hüquqlarını müdafiə edən Daniel Ellsberq deyir ki, artıq 4 ildir Wikileaks rəhbəri əsaslı ittiham irəli sürülmədən təqib olunur: “O, İsveç hökumətindən ABŞ-a ekstradisiya olunmayacağı və üzərində ədalətli məhkəmə həyata keçiriləcəyi barədə heç bir zəmanət ala bilmir. Assanc 900 gündən artıqdır ki, ittihamsız Ekvadorun səfirliyindədir. Beynəlxalq hüquq, hətta sağlam məntiq baxımından bu, sadəcə hiddət doğurur. Mən hesab edirəm ki, bu insan bütün dünyanın minnətdarlığına layiqdir, bunun əvəzində isə heç bir ittiham irəli sürülmədən təcrid vəziyyətində qalmağa məhkumdur. İndiki əsassız ittihamlar aradan götürülməli və o, azad olunmalıdır”.
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutudur. Üstəlik, ABŞ əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur. Kimləri böyük qrantlar ayıraraq satın almaqla, kimləri isə təhdid və şantajla. Bariz nümunə kimi Böyük Britaniya hökumətinin Wikileaks-ın məlumatlarını yayan “The Guardian” nəşrinə təzyiqlərini göstərmək olar.
Amma iş bütün bunlarla da bitmir. Bu gün də müxtəlif vəzifəli şəxslər Vaşinqtonun siyasəti əleyhinə çıxanlara qarşı hüquqi çərçivədə ölçü götürülməsi ilə bağlı təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslərin birbaşa Ağ evlə bağlı olduğuna dair kifayət qədər şübhələr mövcuddur. Məsələn, senator Co Libermanın Assancın casusluqda təqsirli bilinərək həbsini təmin edəcək qanun layihəsi irəli sürmüşdü və onun lobbiçiliyini həyata keçirmişdi. Alyaskanın qubernatoru Sara Peylin isə internet səhifəsi və şəxsi e-maili vasitəsilə Assancı fiziki cəhətdən məhv etməyə çağırmışdı.
ABŞ özünün nəhəng resursları ilə dünyanı ələ alıb və bütün alternativ fikirli hökumətləri devirməyə, müstəqil qurumları gözdən salmağa və ya satın almağa, Assanc və Snouden kimi bütün dünya üçün mühüm iş görən azad fikirli insanları isə təcrid etməyə, bu mümkün olmadıqda isə aradan götürməyə çalışır. Sonra isə demokratiyadan, yüksək ideallardan dəm vurur. Lakin bu ölkənin özündə vəziyyət kifayət qədər acınacaqlıdır. Amerika xalqı şəbəkənin və Prezident Obamanın insanların həyatını fərdi qaydada əzməsindən və bütövlükdə azadlıq anlayışını həbs etməsindən narahatdırlar. Bu yaxınlarda Ferqyusonda baş verən hadisələr də həyatın bir küncünə sıxılmış, təhlükəsiz şəraitdə, qorxusuz yaşamaq istəyən, elementar hüquqlarının təmin olunmasını tələb edən insanların mövcud sistemə, üsul-idarəyə qarşı sərt etirazı idi. Bütün dünya əsl siması Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXl əsrdə imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın özünə ziyan vuracaq.
"Azərbaycan" qəzeti