18 Dekabr 2014 16:27
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“On minlərlə şəxsiyyəti səssizcə məhv etdilər”

Azadlıq Partiyasının sədri Əhməd Oruc ötən həftənin şənbə günü iqtidar-müxalifət dialoqu, dialoqdan sonra Milli Şura və AXCP rəhbərliyi tərəfindən irəli sürülən ittihamlar və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Partiya sədri sosial şəbəkələrdə bəyan edib ki, daxili barış, qarşıdurmaların ortadan götürülməsi, tərəflərin bir-birinin arqumentlərini dinləməsi, cəmiyyəti narahat edən məsələlərin bir masa arxasında müzakirəsi sivil cəmiyyətlərin idarəçilik formasıdır:

“İllərdir hakimiyyəti bu cür olmamaqda ittiham etmişik, bunu tələb etmişik. İndi uzun illərdən sonra hakimiyyətin rəsmi təmsilçisi müxalifətdə olan partiya rəhbərləri ilə görüşüb, bizi düşündürən bir sıra məsələlərin müzakirəsi, mütəmadi təmasların olması barədə razılıq əldə olunub. Və dərhal bəlli olub ki, hansısa bəhanələrlə hakimiyyətlə problemlərin müzakirəsində maraqlı olmayan “ciddi, əsas, əsl, alternativsiz, analoqu olmayan” partiyalar var və onlar olmasa səhər açılmayacaq. Dialoqdan sonra başladılar bu görüşdə iştirak edənlərə böhtan, təhqir, çamur yağdırmağa”.

Əhməd Oruc qeyd edib ki, 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra bu günə kimi müxalifət tərəfindən hakimiyyəti tanımamaq siyasəti yürüdülür: “1997-ci ilə kimi rəhmətlik Elçibəy özünü “prezident” hesab etdi, 2003-dən 2008 kimi İsa bəy “prezident” oldu, Milli Şuradakılar 2013-də də Cəmil müəllimi “prezident” seçdilər və çox güman ki, 2018-ə qədər o “hakimiyyətdə” olacaq. Maraqlıdır ki, bu cür siyasətin əsas sütunları, 21 illik müxalifətin “əsas partiyaları” bu illər ərzndə hakimiyyəti tanımaya-tanımaya, hakimiyyətin siyahısı ilə parlamentdə təmsil olunur, nazirlər kimi yaşayır, cangüdənlə gəzir, övladları yüksək ödənişlə xaricdə təhsil alır”.

Əhməd Oruc bildirib ki, o, uzun illər daxili müzakirələrdə bu xəttin doğru olmadığını əsaslandırıb: “Bu adamlar bu məsələdə proqramlaşdırılıblar. Bu proqram milli azadlıq hərəkatında meydana çıxmış, milli maraqlar üçün canından belə keçməyə hazır olan 10 minlərlə şəxsiyyəti səssizcə məhv etdi. İndi ortada bir bunlar qalıb, bir də muzdla tutduqları, bir-iki əqli qüsurlular, bir də reallığa qətiyyən uyğun gəlməyən iddialar”.

Partiya sədri DİHM ilə Milli Şura arasındakı münasibətə də toxunub: “Maraqlıdır ki, DİHM-ə daxil olan partiyaların böyük əksəriyyəti dünənə qədər Milli Şurada bir yerdə idi, bir-birilərinə təriflər yağdırırdılar. DİHM-ə daxil olan 2 partiya- KXCP və Aydınlar indi həm də Milli Şuradadırlar. Bu adamlar Milli Şurada yaxşıdır, DİHM-də pis? Bu nə məntiqdir? Necə ola bilər ki, ermənilərlə, Avropanın üzdəniraqları ilə görüşmək üçün dünyanın hər yerinə qaça-qaça getmək olar, amma iqtidar təmsilçiləri ilə görüşmək olmaz?”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər