Abşeron rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Qaçay Şahməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin mayın 29-da, saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Qaçay Şahməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.