Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin 8 illik fəaliyyəti ilə bağlı toplantıda Komitə üzvləri narazılıqlarını bildiriblər.
Ədliyyə naziri Fikrət Məmmədov, Penitensiar xidmətin rəisi Mədət Quliyev və nazirliyin aidiyyəti struktur qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların keçirildiyini vurğulayıblar.
Eyni zamanda, komitə üzvləri bəzən problemlərlə rastlaşdıqlarını qeyd ediblər. Belə ki, Bakı İstintaq Təcridxanasına tanınmış həkimlərlə birgə sonuncu başçəkmə zamanı onlar özünü “məzlum” kimi göstərməyə çalışan və səhhəti ətrafında əsassız səs-küy yaratmağa cəhd edən şəxs tərəfindən hörmətsizliyə və təhqirə məruz qaldıqlarını həyəcanla vurğulayıblar.
“Leyla Yunus həkimləri təhqir etməyə başladı”
İctimai Komitənin üzvü Əhməd Abbasbəylidən sözügedən hadisə barədə öyrəndik.
O, Teleqraf.com-a açıqlamasında söylədi ki, həkimlərin müayinəsinə imkan verməyən və onları təhqir edən şəxs hüquq müdafiəçisi Leyla Yunus olub. Ə.Abbasbəyli qeyd edib ki, Leyla Yunusun müayinəsi ilə bağlı məsələ qaldırılmışdı və Ədliyyə Nazirliyinə müraciət edilmişdi. Tələblərdən biri bu olub ki, müayinəyə Ədliyyə Nazirliyinə tabe olmayan strukturlardan həkimlər dəvət olunsun: “Səhiyyə Nazirliyinin tərkibində olan strukturlardan 11 nəfər olmaqla həkim heyəti yaradılmışdı. Bu heyət Bakı İstintaq Təcridxanasında Leyla Yunusun müayinəsini aparmaq üçün getdilər. İctimai Komitənin nümayəndəsi kimi prosesi izləmək, şəffaflığın yaradılması üçün mən və Səadət Bənənyarlı getdik. Leyla Yunusun səhhəti ilə bağlı obyektiv rəy almaq üçün Ədliyyə Nazirliyi tərəfindən bizə icazə verildi. Həkimlər Leyla Yunusun saxlandığı kameraya daxil olanda o, həkimlərə çox aqressiv davrandı. Həkimlərin də hamısı qadınlardan ibarət idi ki, artıq söz-söhbətə ehtiyac olmasın. Leyla Yunus həkimləri görən kimi qışqırmağa başladı. Rus dilində qayıtdı ki, məni öldürmək istəyirlər. Mən də girdim soruşdum ki, Leyla xanım nə problem var? Həkimləri də, məni də təhqir etməyə başladı. Bizi faşist olmaqda ittiham elədi. Mən ona izah etməyə çalışdım ki, müayinə olunma işində iştirak etməlidir. İzahlarımıza baxmayaraq öz “repertuarını”, təhqirini, isterikasını davam etdirdi. Onunla bir kamerada olan digər 3 nəfərə müraciət elədim, soruşdum ki, sizə qarşı təzyiqlər olurmu, dedilər ki, hər hansı təzyiq olmur. Dedim Leyla Yunusa qarşı təzyiqi müşahidə etmisiniz? Söylədilər ki, heç bir təzyiq olmayıb”.
“Çarpayıda uzanıb arxasını bizə çevirdi”
Ə.Abbasbəyli əlavə edib ki, L.Yunus onlara qarşı saymazyana davranıb: “Ən maraqlısı odur ki, Leyla xanım həkim heyətini görəndə heç ayağa durmadı. Çarpayıda uzanmış vəziyyətdə arxasını bizə çevirdi. Çox kobud şəkildə davrandı. Əslində Leyla Yunusu ziyalı xanım kimi tanıyırdım, amma onun hərəkətləri məndə təəssüf hissi doğurdu. Görüşümüz təxminən yarım saat çəkdi. Axırda gördüm ki, isterika yüksək həddə qalxıb. Biz çıxmaq istəyəndə qayıtdı ki, məni öldürmək istəyirlər. Soruşdum ki, axı sizi kim öldürə bilər. Plastmas su qabı vardı, onu həkimlərdən birinin üstünə də atdı. Mənim məqsədim Leyla xanıma kömək etmək idi. Ona dedim ki, sizi müdafiə etməyə həmişə hazır olmuşam, amma hərəkətlərinizdən təəssüf hissi keçirdim. İndiyədək heç vaxt Leyla xanımla konfliktim olmayıb, toqquşmamışıq, bizi o cür qarşılamağı təəssüf doğurdu. Bir halda ki, ona yalnız kömək etmək üçün getmişdik. Adi bir müayinə proseduru idi, nə sorğu, nə istintaq gedirdi, bizim iştirakımız da ona görə təmin edildi ki, həkim müayinəsinin həqiqətən normal və obyektiv aparıldığına şahidlik edək. O, həkim müayinəsindən tamamilə imtina etdi. Həkimlərin əksəriyyəti öz tibbi avadanlıqlarını özləri ilə gətirmişdilər. Cəzaçəkmə müəssisəsinə yaxud Ədliyyə Nazirliyi sisteminə aid olan heç bir şey yox idi. Ancaq Leyla Yunus həkimləri çox kobudluqla qarşıladı”.
“O qarapaltarlı adam mən olmuşam”
Ə.Abbasbəyli L.Yunusun kameraya qara paltarlı mülki şəxslərin daxil olduğu barədə dediklərinə də aydınlıq gətirib: “Leyla Yunus deyib ki, kameraya qara paltarlı adam gəlib. O qarapaltarlı adam mən olmuşam. Kişi xeylağı bir mən olmuşam, qalanları 8-9 nəfər ancaq qadın idi, onlar da ağ xalat geyinmişdilər. Mülki formada isə Səadət Bənənyarlı idi. Leyla Yunusa izah etməyə çalışdıq ki, məqsədimiz səhhətiniz haqqında obyektiv fikir alıb ictimaiyyətə çatdırmaqdır. Burada isterika salası, təhqir edəsi nə bəhanə ola bilər ki? Gedəndə fikirləşirdim ki, Leyla Yunusla səmimi söhbətimiz olacaq, dərdini deyəcək, müəyyən problemlərini ictimaiyyətə çatdıracağam. Amma gözlədiyimin tamam əksini gördüm”.
Qeyd edək ki, L.Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub və bu ilin iyul ayının 30-da onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda L.Yunus Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılır.
Kəmalə