Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon ərazisində saxlanılıb.
Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilib.
Dindirilmə zamanı F.Əhmədov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, çantasından aşkarlanan narkotik vasitələri müəyyən məbləğ qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.
Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.