Yeni məclis sədri kim olacaq?
Bu gün Müsavat Partiyası Məclisinin sessiyası keçiriləcək. Partiyanın razı və narazılara bölündüyü bir vaxtda Məclisin gərgin keçəcəyi gözlənilir. Sessiyada Məclisə qalan boş yerlərə seçki keçiriləcək, eləcə də Divan və MNTK-da qalan yerlərə yeni şəxslər seçiləcək. Maraq doğuran məsələ isə Məclisin yeni sədrinin kim olmasıdır. Çünki sessiyada Məclisin sədrinin də seçilməsi nəzərdə tutulub.
Nüşabə Sadıxlı namizəddir
Artıq dünən axşam saatlarından Məclis sədrliyinə iddiası olan şəxslərin namizədliyinin irəli sürülməsi proseduruna yekun vurulub. Dünənə qədər iki şəxs Məclis sədri olmağa iddiasını ortaya qoyub. Hər iki şəxs ali məktəbdə dərs deyir və elmi dərəcəyə malikdir. Ancaq sonradan Məclis sədrliyinə iddiası olan Sabir Məmmədli namizədliyini geri götürüb. O, buna səbəb kimi partiyada mövcud olan vəziyyəti göstərib. Ondan fərqli olaraq qurultayda Arif Hacılını müdafiə edən Nüşabə Sadıxlı Məclis sədri olmaq niyyətindədir. Hazırda bu posta yeganə namizəd də N.Sadıxlıdır. Qeyd edək ki, Sadıxlının sədr seçilməsi imkanları genişdir. Məclisin əvvəlki sədri Arzu Səmədbəyli isə partiyada gedən proseslərdə iştirak etmir. O, indiki məqamda geri çəkilmək və bir qədər gözləməyi daha doğru hesab edir. Səmədbəyli həm də son qurultaydan ciddi narazı qalan və hələlik bunu büruzə verməyən şəxslərdən hesab olunur.
Vurğun Əyyub iddialı deyil
Müsavatda narazı kəsimi təmsil edən Qubad İbadoğlu öncədən bəyan edib ki, onlar partiyada heç bir seçkili orqanlarda təmsil olunmayacaq və mübarizələrini davam etdirəcəklər. Qeyri-rəsmi məlumatlara görə, İbadoğluna başqan seçkilərində ikinci yeri tutan şəxs kimi Məclis sədri postu təklif edilsə də, bundan imtina edib. Onun tərəfdarı Vurğun Əyyub isə Məclisin legitim olmadığını bəyan edib.
“İstədikləri şəxsi sədr seçəcəklər”
Son qurultayda başqanlığa namizəd olan Tural Abbaslı deyib ki, onlar Məclis seçkiləri prosesindən kənarda qalacaqlar. Onun sözlərinə görə, bu, formal seçki olacaq: “Arif Hacılı qrup maraqlarından çıxış edir, seçkini də öz qrupunun mövqelərinin möhkəmləndirməsi üçün imkan hesab edir. Hacılının tərəfdarları Məclisdə çoxdur və istədikləri şəxsi sədr seçə biləcəklər. Ancaq bir daha deyirəm ki, bu, qrup marağıdır. Odur ki, biz bu prosesdə yoxuq”.
T.Abbaslı əlavə edib ki, o və tərəfdarları Müsavat Partiyasında var və bundan sonra da olacaq: “Hazırda çalışırıq ki, partiyada tərəfdarlarımızı, bizimlə eyni fikirdə olan insanların sayını çoxaldaq. Təbii ki, rayon təşkilatlarında iş aparacağıq, çalışacağıq ki, indiki mövqelərimizi qoruyaq və inkişaf etdirək. Biz öz mövqeyimizdə qalırıq. Partiya daxilində fraksiya yaratmaq məsələsi də gündəmdədir. Sadəcə olaraq Qubad İbadoğlunun hərəkat elan etməsi narazılar arasında qeyri-müəyyən vəziyyət yaratdı. İndi hesab edirik ki, bir qədər gözləmək və qeyri-müəyyənliyin aradan qalxmasına nail olmalıyıq. Bundan sonra isə müəyyən addımlar atacağıq”.
Məclis sədri seçilməyə bilər?
Müsavat Partiyasının nizamnaməsinə görə, bu gün keçiriləcək seçkilərdə Məclisin sədri seçilməyə də bilər. Söhbət ondan gedir ki, bu posta iddiası olan namizəd Məclisin üzvlərinin ümumi sayından 50+1 faiz səs toplamalıdır. Nəzəri cəhətdən bu səs toplanmaya və Məclis sədri seçkiləri təxirə salına bilər. Ancaq iş ondadır ki, bitərəf Məclis üzvləri də var və onlar konkret tərəflərdən birini müdafiə etmirlər. Mümkündür ki, Məclisin sessiyası zamanı maraqlı açıqlamalarla çıxış etsinlər. Narazılar isə deyirlər ki, onlar bu firqə proseslərində iştirak etmədikləri üçün indiki başqan MNTK, Məclis və Divanda boş qalan yerlərə özünə yaxın olan şəxsləri gətirə biləcək. Çünki bu seçkilərdə heç bir rəqabət olmayacaq. Müsavatda qalib tərəfi təmsil edən şəxslər isə bildirirlər ki, partiyada hər şey öz ahəngi ilə gedir və heç kim partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul ola bilməz.
Parçalanmaya səbəb ədalətsizlikdir
Müsavat başqanının müavini Gülağa Aslanlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə bağlı ciddi ittiham irəli sürüb. Onun fikrincə, sentyabrın 27-də keçirilən seçkinin nəticələri ilə razılaşmayan Qubadoğlu Müsavatda baş verən parçalanmalara səbəb olan lider kimi partiyanın tarixinə düşüb. Qubad İbadoğlunun tərəfdarı kimi tanınan, Müsavat Divanının keçmiş üzvü Vurğun Əyyub isə Gülağa Aslanlını tənqid edib: “Əgər Gülağa Aslanlı hesab edirsə ki, partiya parçalanıb, bunun səbəbini rəhbərlikdə axtarmalıdır. Qurultayda qaydalara zidd hərəkətlər olub, ədalətsizlik edilib. Partiyanın parçalanmasının səbəbi bunlardır, Qubad İbadoğlu yox. Müsavatda kimin nə etdiyi göz qabağındadır. Partiyanın qurultayında onlar haqsızlıq etdilər. Bunu mətbuat da işıqlandırdı. Bir daha deyirəm, parçalanmanın səbəbini indiki rəhbərliyin davranışlarında axtarsınlar”.
CAVİDAN