Xətai rayonu ərazisində hipermarketdə baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.
TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.
***
13:37
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.
***
13:14
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.
***
12:54
Bakıda marketlərin birində silahlı atışma olub.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.