Müsavat Partiyasının Məclis sədrliyinə xanım müsavatçı seçilib. Dekabrın 27-də baş tutan seçkilərdə başqan müavini Nüşabə Sadıqlı seçilib.
Seçki alternativsiz olub. Əvvəlcədən Məclis sədrliyinə 2 nəfər namizədliyini irəli sürsə də, sonradan Məclis üzvü Sabir Məmmədli namizədliyini geri götürüb. O, mətbuata bunun səbəbləri barədə danışmaq istəməyib. Özünü Facebook səhifəsində “seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması”nı əsas gətirərək belə addım atdığını bildirib.
Nüşabə Sadıqlı Teleqraf.com-a deyib ki, seçkinin rəqabət şəraitində keçirilməsini arzu etsə də, seçkilərdə alternativsiz qalıb: “Sabir bəyin geri çəkilməsi hamıya qaranlıq qaldı. Onun namizədliyini nə üçün geri götürdüyü barədə bir söz deməyə çətinlik çəkirəm. Özünə sual də verdim, amma mənə cavab vermədən üzünü çevirib getdi. Mən də istəyirdim ki, Məclis sədrliyinə seçki rəqabət şəraitində keçirilsin. Təəssüf ki, Sabir bəy namizədliyini geri götürdü. Ümumi sözlə dedi ki, seçki prosesində ictimai-siyasi prinsiplərin pozulmasına görə bu addımı atıb. Amma heç kəs bilmədi ki, o pozulma nədir. İstəyirəm ki, insanlar dürüst olsunlar. Yalandan deyirlər ki, kimsə kimisə dəstəkləyib”.
“Arif Hacılının Sizi Məclis sədri seçdirdiyi barədə iddialara münasibətiniz necədir” sualını N.Sadıxlı belə cavablayıb: “Məndən soruşurlar ki, rəhbərliyin razılığını aldınızmı? Kənar yerdən gəlmiş olsaydım, yaxud Müsavatın sıravi üzvlərindən biri olsaydım, rəhbərliklə məsləhətləşib onların razılığını almalı idim. Çünki sədr seçilən hər bir insanın öz komandası olmalıdır ki, o komanda ilə işini yürüdə bilsin. Amma mən artıq Müsavatın Məclisinə, Divanına seçilmiş, Arif bəyin müavini olan insan idim, düşünmədim ki, kiminsə məsəhətini almalıyam. Bilirdim ki, partiyada mənə münasibət necədir. Ona görə də namizədliyimi verdim. Artıq söz-söhbətin heç bir əsası yoxdur. Arif Hacılı məni nə qədər dəstəkləyirdisə, bir o qədər, bəlkə də ondan çox Sabir Məmmədlini dəstəkləyirdi”.
Sabir Məmmədlinin namizədliyini geri götürməsi və yaranan situasiya ilə bağlı cavabı qısa olub: “20 ildir ki, bu mübarizə yolunda həvəskarlara üstünlük verdiyimiz üçün demokratiya sahəsində köklü nailiyyət əldə edə bilməmişik”.
Konkret olaraq N.Sadıqlının Məclis sədri seçilməsi ilə əlaqədar S. Məmmədli müqayisəli şəkildə bunları vurğulayıb: “Əgər ədəbiyyat müəlliminə təkidlə xahiş edirlər ki, kimya üzrə dərs desin və o, buna razılıq verirsə - deməli o insanın düşüncəsi yanlışdır və özünü qiymətləndirə bilmir!”
Nərgiz