Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində törədilmiş 5 oğurluq hadisəsinin “isti izlərlə” açılması təmin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, əvvəlcədən əlbir olmuş bir qrup şəxs halında ümumilikdə 26 ədəd istilik radiatorlarını oğurlayan Bəndəliyev İsa Sabir oğlu, Abdullayev Arzu Yaşar oğlu, Rzayev Ata Salman oğlu və Nağıyev Möhsün Nurəddin oğlu , su kanallarının üzərinə qoyulmuş ümumilikdə 37 ədəd çuqun dəmirbarmaqlıqları oğurlayan İsayev Cabir Nağdəli oğlu, avtomobillərdən və binaların girişlərindən oğurluqlar edən Qəribov Yasin Azər oğlu, “Cahan” ticarət mərkəzində yerləşən qızıl mağazasında oğurluq, eyni zamanda yandırmağa cəhd edən Hacıyev Orxan Süleyman oğlu və İbrahimov Vüqar Oruc oğluna məxsus içərisində 6.000 manatlıq lotereya, şəxsiyyət vəsiqəsi və kapital banka məxsus kart olan çantanı oğurlayan Məhərrəmov Sübhan Bayram oğlu tutulub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Onların ətrafında əməliyyat tədbirləri davam etdirilir.