Şərurda həyətyanı sahədə yanğın olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. 300 ədəd ot bağlaması, ümumi sahəsi 78m² olan təsərrüfat obyekti və orada olan 5 ədəd iribuynuzlu heyvan, ümumi sahəsi 70m² olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.