Qudyalçayın Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsünün dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.
Teleqraf.com xəbər verir ki, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.
***
10:28
Gəndob-Xaçmaz-Yalama yolunun 26-cı km-də körpünün uçması zamanı avtomobilin çaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, bunlar Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abas oğlu, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qarayev Efsun Əsgər oğlu və Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğludır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
***
09:54
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.
***
09:50
Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ" markalı minik avtomobili çaya düşüb.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.
Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.