3 Noyabr 2023 23:40
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 il həbs cəzası verilən Fərid Qasımovun anası Kəmalə Qasımova Baş prokuror Kamran Əliyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu haqda “Yeni Sabah”a məlumat verən K. Qasımova deyib ki, ötən gün Abşeron Prokurorluğunda qəbul keçirən baş prokurora oğlunun qanundankənar həbsdə saxlanılması haqda şikayət edib.

“Bildirdim ki, oğlum 2017-ci ildə sifarişlə həbs olunub, Səbail polisində döyülüb, etmədiyi cinayəti üzərinə yıxıblar, 58 min manat borca qol çəkdiriblər. Baxmayaraq mən evimi satıb o pulu ödəmişəm, lakin yenə Fəridi həbs etdilər.

Prokuror isə işlə tanış olduğunu bildirdi, Ali Məhkəmənin də qərarı qüvvədə saxladığını qeyd etdi. Əgər yeni açılmış fakt olarsa, bu zaman işin yenidən istintaqa qaytarılmasının mümkün olduğunu bildirdi.

Mən oğlumun döyülmə faktının gizlədildiyini bildirdim. 2 xəstəxanadan epikriz alınıb və rəy verilib ki, oğlum döyülüb. Vəkil bu sənədləri Ali Məhkəməyə bunu təqdim etmək istəyəndə Ali Məhkəmənin hakimi Nazim Mövsümov bunu qəbul etmədi. O, qeyd etdi ki, biz sənəd qəbul etmirik. Onun yanındakı vəkil Tahir Kərimov da vəkilin üstünə qışqırıb onu danışmağa qoymadı.

Prokurordan xahiş etdim ki, o, təqdimat versin ki, yeni açılmış fakt kimi iş təzədən Apelyasiya Məhkəməsinə qayıtsın. Onda siz görəcəksiniz ki, bu işin içində nə qədər qanunsuzluqlar var. Həmin döyülmə faktının kağızlarını yazdığım ərizə ilə birlikdə onlara təqdim etdim.

Prokurorun yanında duran şəxs də mənə yaxınlaşıb dedi ki, bu iş ciddi nəzarətə alınıb, araşdırılma olacaq. Prokuror da söz verdi ki, iş araşdırılacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər