Ermənistanın Müdafiə Nazirliyi "news.am" saytına açıqlamasında ermənilərə məxsus pilotsuz aparatın vurulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bildirib ki, Azərbaycan öz pilotsuz aparatını vurub.
Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus pilotsuz aparatın vurulması ilə bağlı erməni tərəfinin dedikləri uydurmadan başqa bir şey deyil.
“Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır. Ermənistan Müdafiə Nazirliyinin təbliğatçıları növbəti dəfə düşdükləri xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşiblər. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıq və yersizdir”, - deyə nazirlik bildirib.
Nə üçün Ermənistan tərəfi pilotsuz təyyarənin onlara məxsus olduğunu etiraf etmirlər?
Bu suala cavab olaraq politoloq Ərəstun Oruclu bildirib ki, Ağdam istiqamətində pilotsuz təyyarənin vurulması kifayət qədər ciddi məsələdir: "Əminliklə demək olar ki, ordumuz tərəfindən vurulan pilotsuz təyyarə Ermənistana məxsusdur. Ermənistan rəsmilərinin bunu komik bir şəkildə təqdim edərək, Azərbaycanın guya səhvən öz təyyarəsini vurduğunu bəyan eləməsi də anlaşılandır. Yadınızdadırsa, cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanat səsləndirmişdi. Azərbaycan tərəfin təyyarəni vurması isə bir növ ona cavabdır ki, indi buyurun bacarığınızı göstərin. Belə olan halda Ermənistanın iki yolu qalır - ya faktı etiraf edib cavab tədbirləri görmək, ya da təyyarənin ona məxsus olduğunu boynundan atmaq. Görünür, Ermənistan rəhbərliyi ikinci variantın ona daha ucuz başa gəldiyini anladığından buna üstünlük verib. Məncə də tamamilə haqlıdılar, çünki bugünkü sosial tələblərlə keçirilən etirazlar və Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sərkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər. Xüsusilə də Moskvanın açıq şəkildə dəstəklədiyi birləşmiş və güclü Ermənistan müxalifətinin mövcud olduğu şəraitdə".
Ayxan