31 Yanvar 2015 11:13
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa Qəmbərin sabiq müşaviri, hazırda ADR sədri Qubad İbadoğlunun yanında yer alan Hüseyn Məlik Müsavat rəhbərliyinə qarşı sərt ittiham irəli sürüb. O, bildirib ki, rəhbərlik Qubad İbadoğlunu partiyadan uzaqlaşdırmaq üçün bəhanələr axtarır: “Dəqiq bilirəm ki, İsa Qəmbər Qubad bəyi partiyadan uzaqlaşdıracaq. O, əlinə düşən imkandan istifadə edəndir”.

Dünən isə Qubad İbadoğlu müsavatçılara müraciət edib. Bildirib ki, Rəsulzadənin doğum günü münasibətilə Novxanıda təşkil olunacaq anım tədbirindən sonra partiyanın qərargahında dinləmə təşkil etmək istəyir: “Gülağa Aslanlı ilə bu barədə danışdım. Onun verdiyi məlumata görə, qərargahda toplantı keçirməklə bağlı problem yoxdur. Odur ki, bir daha partiyanın bu günü və gələcəyi ilə bağlı narahatlıq keçirən hər bir müsavatçının bu tədbirdə iştirakını zəruri hesab edirəm. Tədbiri keçirməkdə başlıca məqsədimiz partiya daxilində həmrəylik və barışığa nail olmaqla Rəsulzadənin doğum günündə onun ruhunu şad etməkdən ibarətdir. Odur ki, müxtəlif fikirli şəxslərin iştirakını vacib hesab edir və sizi bir daha barışıq naminə keçiriləcək tədbirdə açıq və səmimi söhbətə dəvət edirəm”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Qadınlar Birliyinin sədri Ellada Məmmədlini Divanın fevralın 2-də keçiriləcək iclasına rəsmən dəvət edib. Dəvətdə bildirilib ki, divana çağırılanların davranışlarının nizamnaməyə uyğun olub-olmaması müzakirə ediləcək.

Partiya daxilində razıları və narazıları müdafiə edənlər isə düşünürlər ki, artıq Müsavatın sonudur. Çünki yanvarın 31-də İbadoğlu kifayət qədər müsavatçını qərargaha toplaya bilsə, bu zaman Divanın dəvətini rədd edəcək. Bu halda isə yeni situasiya yaranacaq və rəhbərlik onu partiyadan uzaqlaşdırmağa cürət etməyəcək. İkincisi, əgər Divan onu partiyadan xaric etsə, bu halda da arzuedilməz proses baş verəcək. Yəni hər iki halda Müsavat ciddi təlatümdən keçməli olacaq.

Bu arada bəlli olub ki, Qubad İbadoğlu AXCP-dən dəstək almaq məqsədilə bəzi addımlar atıb. Belə ki, İbadoğlu ötən gün həbs edilən AXCP funksioneri Seymur Həzinin məhkəmə prosesində iştirak edib. O, AXCP sədri Əli Kərimli ilə görüşərək fikir mübadiləsi aparıb. Bu ayaqüstü görüşdə nələrin müzakirə edildiyi bəlli deyil. Görünür, Q.İbadoğlu qarşıdan gələn ciddi proseslərdə AXCP-nin dəstəyini almaq niyyətindədir.

Müsavat başqanı Arif Hacılı isə bəyan edib ki, Rəsulzadənin doğum günündə Qubad İbadoğlu ətrafındakılarla birlikdə partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhd edəcək. A.Hacılı yazdıqlarına əlavə şərh verməyib.

Gülağa Aslanlı isə sosial şəbəkədə bildirib ki, Qubad İbadoğlunun keçirmək istədiyi tədbir məqsədəuyğun sayılmır: “Bu barədə ona məlumat verilib. Bu tədbirin partiya içərisinə salınmış nifaqı daha da şiddətləndirmək cəhdi olacağı aydındır”.

Qubad İbadoğlu isə sosial şəbəkədə bildirib ki, tədbiri keçirməkdə məqsədləri partiya daxilində həmrəylik və barışığa nail olmaqla Rəsulzadənin doğum günündə onun ruhunu şad etməkdən ibarətdir.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər