Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Teleqraf.com-a bildirilib ki, Günəşin fəallığı artıb. Oktyabrın 7-12-də güclü geomaqnit qasırğası (G1-G4) baş verib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.
Oktyabrın 14-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac kütlə atılmalarının (TKA) təsiri ilə oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.
Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi axınlarının və oktyabrın 11-də 3854 regionunda baş vermiş TKA–nın təsiri ilə artacağı gözlənilir.
Oktyabrın 11-də baş vermiş TKA və yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə oktyabrın 15-16-da G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.