Vurğun Əyyub ön sırada
Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) ilə Müsavat Partiyası arasında qarşıdurma davam edir. Tərəflər açıq formada bir-birini ittiham edirlər. Görünən budur ki, tərəflər arasında qarşıdurma ADR Hərəkatının siyasi partiyaya çevrilməsinə qədər davam edəcək. Əldə etdiyimiz informasiyaya görə, hərəkatın siyasi təşkilata çevrilməsi artıq əsas məqsəddir. Bu səbəbdən qurumun yerli şöbələri partiya şöbələri mexanizmi üzrə qurulur. Belə davam edərsə, maya qədər biz hərəkat deyil, Müsavatın bazası əsasında yeni partiya görəcəyik.
Ötən həftənin sonunda ADR Hərəkatının İdarə Heyətinin iclası keçirilib. İclasda hərəkatın sədri Qubad İbadoğlu ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi görüş barədə məlumat verib. Həmçinin nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR-in sədri kimi imzaladığı ilk sərəncamla Vurğun Əyyubu birinci müavini təyin edib. Toplantı iştirakçıları sərəncamı dəstəkləyiblər. Eyni zamanda nizamnaməyə müvafiq olaraq razılaşdırılıb ki, ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-a başlayan səfəri dövründə onun səlahiyyətlərini sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək. Toplantıda ADR Hərəkatının informasiya əlaqələrinin gücləndirilməsi, onun əhatə və təsir dairəsinin genişləndirilməsi üçün təkliflər də müzakirə olunub.
Vurğun Əyyubun hərəkat sədrinin birinci müavini təyin olunması, yaxın 5 ayda sədrin səlahiyyətlərinin ona verilməsi Müsavat Partiyasında sevinclə qarşılanmayıb. Çünki Qubad İbadoğlu ilə müqayisədə Vurğun Əyyub daha təcrübəli şəxs hesab olunur, uzun illər partiya rəhbərliyində təmsil olunub və sıravi müsavatçıların ona hörməti sonsuzdur. Bu müddətdə V.Əyyub hərəkatın rayon təşkilatlarının sayını artırmalıdır. Şübhəsiz ki, bu da Müsavatın yerli şöbələrinin bazası əsasında olmalıdır. Vurğun Əyyub bildirib ki, dostlarının ona bəslədiyi etimadı doğrultmağa çalışacaq.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə ad çəkmədən ADR Hərəkatını sərt tənqid edib. Hacılı deyib ki, hazırda müxalifətə müxalifətçilik missiyasını həyata keçirənlər var. Onun sözlərindən belə anlaşılır ki, Qubad İbadoğlu və hərəkatının əsas məqsədi Müsavata müxalifətçilik etməkdən ibarətdir.
CAVİDAN