Qabil Hüseynli: "Əsas səbəb təxribatçılara sərt davranmağa imkan verən qanunun qəbuludur"
Vüqar Zifəroğlu: "Şərtlər terrorçuları daha diqqətli davranmağa vadar edir"
Bir neçə gün öncə Türkiyədə PKK terror təşkilatının başçısı Abdullah Öcalan tərəfdarlarına müraciət edərək silahları yerə qoymaq göstərişi verib. Bu göstərişdən sonra terrorçular Şırnak vilayətinin Çizrə rayonunda qazdıqları xəndəkləri doldurmağa başlayıb. Rayonda qazılan 184 xəndək artıq doldurulub.
Türkiyədə "Kürd açılımı" prosesi uzun müddətdir AKP hökuməti tərəfindən aparılır. O zamankı baş nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğanın başlatdığı bu açılım nəticəsində bölgədə xeyli müddətdir silahlar susub.
Öcalanın son çağırışı Ərdoğanın qələbəsi, PKK-nın tarixə gömülməsidirmi?
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, əslində baş vərənlər müsbət qiymətləndirilsə də, bunu yalnız Ərdoğanın qələbəsi kimi qiymətləndirmək yanlış olardı: "Təbii ki, burada onun da payı kifayət qədər çoxdur. Amma yalnız onunla əlaqədar deyil. Mən ilk növbədə Yaxın Şərqdə güc balansının son dönəmlərdə necə dəyişdiyinə diqqəti çəkmək istərdim. İŞİD faktoru, İranın bölgədəki nüfuzunun artması və geosiyasi nöqteyi-nəzərdən uduşlu olması, eyni zamanda, İraq və Suriyada baş verən son proseslər kürdləri kifayət qədər ciddi şəkildə Türkiyə ilə münasibətlərini korrektə etməyə məcbur edir. Lakin bu, müvəqqəti xarakter daşıyır. Əgər rəsmi Ankara terrorbaşının çağırışından sonra silahlanmış gənclərdən bir hissəsinin silahlarını yerə qoymasını qələbə kimi təqdim edəcəksə, o zaman böyük yanlışlığa yol verər. Sadəcə, indiki dönəmdə şərtlər kürd terror qruplaşmalarını daha diqqətli davranmağa vadar edir.
Politoloq Qabil Hüseynli deyib ki, Türkiyədə bir neçə gün əvvəl təhlükəsizliklə bağlı qanun qəbul edilib. Onun sözlərinə görə, bu qanunun qəbulundan sonra polisə daş, "molotov kokteyli" atan şəxslərə güllə ilə cavab veriləcək: "PKK rəhbəri Abdullah Öcalanın son hadisələrlə bağlı müəyyən çağırışları olsa da, burada əsas rol polisə həmin PKK təxribatçıları ilə sərt davranmağa imkan verən qanunun qəbulu oldu. Polisin səlahiyyətləri bu qanunla artırıldı. Lakin bundan öncə həmin təxribatçılara, polis maşınlarını yandıranlara polislər heç rezin güllə belə ata bilmirdilər. Bundan sonra rezin güllə də atılacaq və hətta təxribat törədən şəxsləri həbs etmək üçün xüsusi təyinatlı dəstələr də göndəriləcək. Eyni zamanda, yaşayış məntəqələrində insanları təxribata sövq edənlərə qarşı sonadək mübarizə aparılacaq. Bütün bu sadaladıqlarım qanuna görədir, amma qanunun necə həyata keçirələcəyini deyə bilmərəm. Ancaq qanun çox sərt tədbirlərin keçirilməsini nəzərdə tutur".
Q.Hüseynli əlavə edib ki, "Kürd açılımı" məsələsində hər hansı uğur əldə edilibsə, bunu Ərdoğanın deyil, Türkiyə dövlətinin ayağına yazmaq lazımdır: "Bu, hökumətin işidir və onlar öz işlərini yerinə yetirirlər. Buna görə bunlardan qəhrəman düzəltmək lazım deyil. "Kürd açılımı" ilə insanları ürküdüb ayağa qaldırdı və bundan sonra onlara geniş meydan verdi. Ardınca isə polisin səlahiyyətləri artırıldı. Bununla da, demək olar ki, vəziyyət gərginləşdi. Bu məsələnin nəzarət altında olub-olmayacağı artıq onların öz işidir. Amma bir məsələ də var ki, vəziyyət məhz həmin qanunun necə yerinə yetiriləcəyindən asılıdır".
BƏXTİYAR