Müsavat partiyası ilə ADR hərəkatı arasındakı qarşıdurma davam edir. Bu dəfə Müsavat Məclisinin üzvü, partiya başqanının qardaşı Mustafa Hacıbəyli Müsavat MNTK-nın sədri Sevinc Hüseynova ilə ADR Hərəkatının təəssübkeşi Elbəyi Həsənli arasında müşahidə olunan mübahisəyə müdaxilə edib.
Hacıbəyli bildirib ki, Sevinc Hüseynova iddia etmir ki, Qubad İbadoğlunu həbs etmək lazımdır: “Sevinc Hüseynovanın sözü daha çox qubadpərəstlərə aiddir. Onlar öz liderlərinə yaradılan şəraitdən bəhrələnmək istəyirlər”.
Bu arada məlum olub ki, Müsavat Partiyasının üzvü, təşkilatın Bərpa Mərkəzinin 24 üzvündən biri Rafiq İsmayılın ADR Hərəkatının təsis konfransındakı aktiv iştirakı partiyada birmənalı qarşılanmayıb. Hətta buna görə partiya daxilində Rafiq İsmayıla münasibət bir qədər dəyişib. Ancaq hələlik onunla bağlı hansısa cəza tədbirlərinə getmək düşünülmür. Hesab olunur ki, belə bir addım atılsa, Rafiq İsmayıl avtomatik olaraq ADR Hərəkatının ideoloji işlər üzrə müavini postuna gətiriləcək. Lakin bütün hallarda R.İsmayılın ADR Hərəkatına isti münasibətlərini indiki Müsavat rəhbərliyi həzm edə bilmir.
ADR MNTK yaradıb
Müsavat Partiyasının bütün bu iddiaları qarşısında ADR Hərəkatı təşkilatlanma işlərini davam etdirir. Dünən hərəkatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) ilk toplantısı keçirilib. Toplantıda MNTK sədrliyinə seçki keçirilib. Daşqın Qaraşlı MNTK-nın 3 ay müddətinə sədri seçilib.
ADR sədrinin Amerika səfəri isə davam edir. Hələlik Qubad İbadoğlu barəsində səsləndirilən iddialara cavab vermir. Qeyd edək ki, müsavatçılar bu şəxsin başqan seçilmədiyinə görə sevindiklərini qeyd edirlər. Bildirirlər ki, əgər Q.İbadoğlu başqan seçilsəydi, Müsavatı atıb aylarla Amerika səfərinə getməli olacaqdı. Bu isə heç də xoşagələn durum olmazdı.
CAVİDAN