22 Mart 2015 10:04
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, N.Sadıqlı deyib ki, ADR-də təmsil olunan Müsavat üzvləri ya hərəkatı, ya da partiyanı seçməlidir.

Onun bu müraciəti ADR Hərəkatında birmənalı qarşılanmayıb və sərt reaksiyaya səbəb olub.
Müsavat Partiyasının üzvü, ADR Hərəkatın sədrinin 1-ci müavini Vurgun Əyyub söyləyib: “Müsavatın strukturları, yəni İcra Aparatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və digər orqanlar başqa partiyalarda da var. Məncə, Nüşabə Sadıqlının bu yanaşması sadəcə, irad bildirmək xatirinədir”.

Müsavat Partiyası Qadınlar Birliyinin sədri, ADR Hərəkatı İdarə Heyətinin üzvü Ellada Məmmədli qeyd edib ki, sağlam siyasi düşüncəyə malik olmaq lazımdır: “İstəklərin reallaşması, siyasi bisavadlığa söykənməməlidir. Onsuz da cəmiyyətdə kifayət qədər katalizator var. Artığını cəmiyyət də qəbul etmir”

Müsavat Partiyası Məclis üzvü, ADR Hərəkatı İdarə Heyətinin üzvü Dünyaxanım Cahan bildirib ki, Nüşabə Sadıqlının fikirlərinin təsdiqini tapması üçün ilk növbədə Müsavat Partiyası nizamnaməsinə dəyişiklik edilməlidir: “Yoxsa hər kəs öz baxış bucağını ortaya qoyub kimsəni hədələməməlidir. Biz bu uzun illər ərzində müxtəlif zamanlarda Amal Ziyalılar Hərəkatında, QAT-da və müxtəlif hərəkatlarda daima təmsil olunmuşuq. ADR Hərəkatından niyə bu qədər narahatdırlar mən bunu başa düşmürəm?”

ADR Ali Məclisinin üzvü, Müsavatdan istefa verən hüquq müdafiəçisi Sədaqət Paşayeva qeyd edib ki, Müsavat Məclisinin sədrindən uzun zaman ərzində ölkədə demokratiya və ədalət uğrunda mübarizə aparan insanlardan təsis olunan ADR hərəkatı barəsində bu cür kəskin və çaşdırıcı münasibət təəssüf doğurur: “Nüşabə xanım siyasi fəaliyyətlə məşğul olanda bilməliydi ki, onun siyasi fəaliyyəti mənsub oluğu toplumun qarşısındakı öhdəliyidir. Ona görə də topluma hesabanmış hər hansı mesajı qrup maraqlarına görə deyil, Müsavat Partiyasının hədəflərinə uyğun olmalı, partiyanın xalqın partiyasına çevrilməsinə xidmət etməlidir. Bunun üçün onun və hər bir bir siyasət adamının mənsub olduğu dövlətin siyasi təsissatları və onun sərhədləri barəsində dəqiq məlumatı olmalıdır. Əks halda siyasi partiya ilə ictimai hərəkatın çərçivələrini ayıra bilməyən bu cür siyasətçilərin siyasi fəaliyyəti qeyri-müəyyən fəaliyyətdir. Xalqa verdikləri yalan-yanlış mesajlar isə hədəfləri bəlli olmayan bir görəvdir”.

Müsavatdan istefa verən keçmiş başqanın müşaviri olmuş, ADR təmsilçisi Hüseyn Məlik isə deyib: “Hesab edirəm ki, belə seçim olarsa Müsavat Partiyasında 3-5 müsavatçı qalar. Hamı ADR-i seçər. Nə vaxtsa belə bir zərurət yaransa, Nüşabə xanım bunun şahidi olacaq”.

Nərgiz


Müəllif: