Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycana yeni təyin olunan Səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qurumun İcraçı Direktoru Suzan Sadıqova səfir R.Sekutanı və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu, Ticarət Palatasının üzvlərini və qonaqları salamlayıb.
O, hər iki səfirə təşkilatının iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib və sözü Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahanta verib.
Həmsədr B.Delahant səfir Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini və onun Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri qeyd edib: “Səfir Sekuta həqiqətən dövlətə yaxşı xidmət edən şəxsdir və mən ona təşəkkür etmək istəyirəm”.
B.Delahant səfir Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əmin olmasını söyləyib.
Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanov təşkilatçılara və qonaqlara təşəkkür edərək səfir Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib. O, həmçinin iki dövlət arasında olan münasibətlərin mühüm dərəcədə vacib və strateji olmasını qeyd edərək daha çox insanın bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.
Sonra səfir Sekuta qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin güclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu deyib.
Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən 1-ci dərəcənin verilməsini və nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb.
Səfir Sekuta həmçinin uğurun davamı üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların aparıldığını də nəzərə çatdırıb.
Çıxışını davam edən R.Sekuta Birləşmiş Ştatların Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olmasını deyib: “Cənub Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və bu çox vacib olan vaxtda xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə və regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə, həmçinin beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir”.