30 Mart 2015 12:26
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda təşkilatlanma ilə məşğuluq. Fəaliyyətimiz ancaq bu istiqamətə yönəlib. Daha çox bölgələrdə yerli təşkilatların hazırlanması və qurulması prosesi gedir. İndiyə qədər Azərbaycanda ənənəvi bir forma olub. Kimlərsə siyasi partiya yaratmaq istəyibsə, dərhal 60-70 nəfər toplaşıb partiyanı elan ediblər, yerli təşkilatlar qurmadan fəaliyyətə başlayıblar. Biz alt yapı olmadan ciddi fəaliyyəti mümkünsüz hesab edirik. Belədə istəsək, iki günə 400-500 nəfərlə qurultay keçirə bilərik. Bunun üçün sadəcə olaraq bəzi texniki məsələləri həll etməyimiz lazım olar. Ancaq bizim üçün daha önəmlisi birdən-birə parlamaq, qurultay keçirmək deyil. Bizim özümüzün nəzərdə tutduğumuz fəaliyyət var və həm də bu fəaliyyətin istiqamətlərinə uyğun addımlar atırıq. Alt yapı olmadan fəaliyyət göstərmək sadəcə, görüntü məqsədi daşıyır və hansısa maraqların təminatına hesablanır”.

Bunu “Xalq Arzusu” Hərəkatının sədri Asəf Quliyev deyib. O, bildirib ki,qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklər: “Təşkilat olaraq, seçkilərdə iştirakımız məsələsini dəqiqləşdirmişik. Bir neçə seçki dairəsində namizəd irəli sürmək niyyətindəyik. Ağdam, Tovuz, Gəncə, Şəki, Mingəçevir və Bakıdakı bir neçə dairədən namizədlərin irəli sürülməsi müəyyən edilib. Siyasi qüvvənin əsas məqsədi sözsüz ki, seçkilərdə iştirak etməkdir”.

Asəf Quliyev hesab edir ki, Azərbaycanda siyasi partiyaların bir-birilə normal münasibəti yoxdur: "Yəni mümkündür ki, partiyalar bir masa ətrafında əyləşsinlər, müzakirələr aparsınlar. Ancaq bir yerə toplaşmaq, masa ətrafında müzakirələr təşkil etmək partiyalar arasında normal münasibətlərin olması qənaətini yaratmır. Biz uzun illərdir ki, müxalifət düşərgəsində təmsil olunuruq, burada gedən proseslərdə ya iştirakçı, ya da icraçı olmuşuq. 20 ildir ki, eyni proses gedir. Seçkiləri uduzan kimi başlayırlar bir-birini təhqir, tənqid etməyə və söyməyə. Məğlubiyyətdən sonra günahı bir-birinin üzərinə atmağa çalışırlar. Bu səbəblərdən seçki və ya siyasi bloklarda iştirak etmək düzgün deyil. Biz siyasətdə əxlaqi qaydalara söykənərək addımlar atırıq. Biz hər hansı bir siyasi partiyanı nə təhqir edirik, nə də söyürük. Tənqidi fikirlərimiz olanda sözümüzü deyirik.

“Xalq Arzusu”nun sədri Müsavat və AXCP-nin seçkilərdə iştirakına toxunaraq onların resurs və arsenalını şərh edib: “Bu məsələyə açıq münasibət bildirəndə, real durumu ortaya qoyanda müxalifətdə olan dostlarımız bunu başqa cür yozur, iddia edirlər ki, bilərəkdən onların əleyhinə danışırıq. Ancaq bu yozumlar yanlış fikirdir. Real fakt odur ki, bu gün Azərbaycanda heç bir partiyanın seçkilər zamanı təkbaşına hərəkət etmək, qalib gəlmək gücü yoxdur. Bunun əksini kimsə sübut edə bilməz. Ən azından seçkilərə gedib iddia ortaya qoyan partiya seçki prosesinə nəzarət etməli, müşahidəçilər və komissiya üzvlərini ortaya çıxarmalıdır. Başqa sözlə, bu gün heç bir partiya Azərbaycandakı seçki məntəqələrinin 20 faizinə nümayəndə verə bilməz. Seçkilərdə əsas məsələ məntəqə və dairələrə nümayəndə verib prosesə nəzarət edə bilməkdir. Elektorat baxımdan partiyaların heç biri seçkilərdə aktiv iştirak etmək imkanında deyil. Partiyalar və onların rəhbərləri arasında münasibətlər isti deyil. Əksinə, onların daima bir-birini təhqir etməsi cəmiyyətə mənfi təsir göstərib. Açıq deyilməlidir ki, xalq müxalifətin yanında deyil. Bu reallıqdır və sosial şəbəkələrdən, insanlarla təmaslar zamanı bunu müəyyən etmək olur”.

CAVİDAN


Müəllif: