Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərini qəbul edib.
Parlamentdən Teleqraf.com-a verilən məlumata görə, spiker bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz həyatın bütün sahələrində keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
O qeyd edib ki, yeni seçilmiş Ukrayna parlamentində Azərbaycanın Milli Məclisi ilə əlaqələr üzrə 27 nəfərdən ibarət dostluq qrupunun yaradılmasını müsbət dəyərləndirir: “Belə hesab edirik ki, qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsində bu qruplar mühüm rol oynayır. Azərbaycan parlamentində belə dostluq qrupu çoxdan fəaliyyət göstərir. Hər iki ölkə deputatlarının qarşılıqlı səfərləri və mütəmadi görüşləri təcrübə, informasiya mübadiləsi baxımından çox önəmlidir”.
Görüşdə nümayəndə heyətlərinin nüfuzlu beynəlxalq qurumlarda iştirakından söz açan Milli Məclisin spikeri bu müstəvidə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. O. Əsədov bildirib ki, son dövrdə obyektiv və subyektiv səbəblərdən iqtisadi münasibətlərdə geriləmə müşahidə olunsa da, bu sahədə hər iki ölkənin geniş potensialı əlaqələrimizi yaxın zamanlarda keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək: “Azərbaycan humanitar və mədəniyyət sahələrində də Ukrayna ilə geniş əməkdaşlıq edir və bu əməkdaşlığı gələcəkdə də davam etdirəcək”.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov isə bildirib ki, ölkəmizi özünə dost və qardaş hesab edən Ukrayna Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir: “Yeni seçilmiş Ukrayna parlamentində tez bir zamanda Azərbaycanla əlaqələr üzrə dostluq qrupunun yaradılmasını da bu baxımdan dəyərləndirmək lazımdır. Parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi dövlətlərarası münasibətlərin daha da inkişafına öz müsbət təsirini göstərir. Ukrayna gələcəkdə Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir”.
Görüşdə palamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.