Sabir Rüstəmxanlı: “Pənahla əl-ələ verib bilet məsələsinə çarə qılacağıq”
“Dünya Azərbaycanlıları Konqresinin aprelin 18-də İstanbulda keçiriləcək qurultayında Azərbaycan diasporunun təşkilatlanması, Qarabağ münaqişəsi və bu məsələ ilə bağlı diaspor təşkilatlarımızın təbliğat sahəsində hansı işlər görə biləcəyi məsələləri müzakirə olunacaq. Bundan əlavə qondarma erməni soyqırımı və Türkiyəyə dəstək verilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılacaq”.
Bunu Teleqraf.com-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. O bildirib ki, qurultaya hazırlıqla bağlı həmişə olduğu kimi müəyyən problemlər, sıxıntılar var: “Təəssüf ki, diaspor təşkilatlarımız kasıbdırlar və qurultay kimi tədbirlər keçiriləndə çox böyük çətinliklərlə üzləşirik. Amma hər halda yavaş-yavaş da olsa, müəyyən işləri artıq yekunlaşdırıb qurtarmışıq”.
S.Rüstəmxanlı deyib ki, qurultayda dünyanın demək olar bütün qitələrindən gələn diaspor nümayəndələri iştirak edəcək.
DAK sədri müxalifətin son toplantısında AXP sədri Pənah Hüseynin ondan təyyarə bileti istəməyinə də münasibət bildirib. “Sabir Rüstəmxanlı Pənah Hüseynin və digər qonaqların yol xərclərini qarşılamağı düşünürmü?” sualına DAK sədri belə cavab verib: “Hər halda Pənahla mən əl-ələ verib buna bir çarə qılacağıq. Bəzi siyasi partiya liderlərinin, həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələrinin qurultayda iştirak etmələrini istəyirəm. DAK-ın qurultayı daxili siyasətin çözülmə meydanı deyil, əksinə, milli birlik meydanıdır. Dünyada gedən proseslər problemlərimizin həlli üçün əl-ələ verməyimizin zəruriliyini göstərdi. Başqa cür mümkün də deyil. Ona görə də hesab edirəm ki, qurultayda həm iqtidar, həm də müxalifət düşərgəsindən nümayəndələrin olması qurultayı milli dialoqa çevirəcək”.
S.Rüstəmxanlı “DAK-ın toplantıları hansı maliyyə əsasında görülür? Qurumun maliyyə durumu hazırda necədir?” sualına cavab olaraq deyib: “DAK öz üzvlərinin, xüsusilə, imkanlı üzvlərinin dəstəyi ilə fəaliyyət göstərir. Maliyyə durumumuzla bağlı qurultayda daha geniş hesabat verəcəyəm”.
Qeyd edək ki, bir zamanlar DAK-ın digər qurumlarla problemləri vardı, həmçinin iki yerə bölünmüşdü. Bəs, hazırda vəziyyət necədir? S.Rüstəmxanlı deyib ki, o, bölünən və ayrılanların bir çoxu ilə danışıb: “Bəziləri açıq etiraf etdi ki, bu işdən uzaqlaşıblar, artıq bu imkanları yoxdur. Amma hər halda biz köhnə DAK-çıları fərd olaraq dəvət etmişik. Fərd olaraq gələ bilərlər, amma 5 nəfər yığışıb gəlsin ki, biz də ayrıca bir təşkilatıq, onu biz qəbul etmərik. Fərd olaraq köhnə DAK-çıların hamısını dəvət etmişik, gəlsinlər, hamımız bir təşkilatda əl-ələ verib çalışaq”.
“Kulislərdə söhbət gəzir ki, Sabir bəy bu dəfə parlamentə namizədliyini verməyəcək. Bu fikir doğrudurmu?” sualına cavab olaraq deputat deyib: “Hələ DAK-ın qurultayını qurtaraq, ondan sonra deputatlıq haqqında düşünərik”.
SƏXAVƏT