Elman Nəsirli: “Demək istəyirlər ki, erməni ”soyqırımı" olmasa idi, Holokost da olmayacaqdı"
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi brifinqdə qondarma “erməni soyqırımı” mövzusunda suallara cavab verib. Sözçüyə Roma Papasının 1915-ci il hadisələrini soyqırımı adlandırdığı xatırladılaraq Vaşinqtonun mövqeyi barədə sual ünvanlanıb. M.Harf prezident Obama və ABŞ rəhbərliyinin Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul etdiyini söyləyib: “Biz gerçəklərin tam, ədalətli və səmimi şəkildə qəbul olunmasının Türkiyə, Ermənistan və Amerika daxil olmaqla, hər kəsin mənafeyinə uyğun olduğunu bildirmişik. Biz ölkələrin öz keçmişlərinin acı səhifələrini qəbul etmələri ilə irəliləyə bildiyinə və güclü olduqlarına inanırıq. Bunu etmək fərqli və daha tolerant gələcək inşa etmək üçün əsasdır”.
M.Harf jurnalistin israrlarına baxmayaraq, “soyqırımı” kəlməsindən istifadə etməyib.
Türkiyə vətəndaşı olaraq hökumətdə yer alan ermənilərin Papa I Fransiskin dediyi sözlərdən ruhlanması açıq-aşkar özünü göstərir. Belə ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan deyib ki, Bosniya və Afrikada baş verən soyqırımlar qəbul edilərkən 1915-ci ildə ermənilərə qarşı törədilənlərə soyqırımı deməmək imkansızdır. Roma Papasının bəyanatını şərh edən E.Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: “Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi”.
E.Mahçupyanın fikrincə, Papanın açıqlamasının siyasi tərəfi yoxdur: “Həm ermənilər, həm də erməni olmayanlar üçün soyqırımı kəlməsi artıq siyasi deyil, psixoloji anlam daşıyır. Əsas məsələ yaşanmış hadisəni etiraf etməkdir. Yaşanmışlara baxmaq və dərs çıxararaq gələcəyi birlikdə qurmaq önəmlidir. Kəlmənin önəmi yoxdur. 100 il öncəsinə birlikdə baxa bilməyimiz daha əhəmiyyətlidir”.
Məsələyə münasibət bildirən politoloq Elman Nəsirlinin sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqına daxil olması Qərb aləmində heç də müsbət hadisə kimi dəyərləndirilməyib. O qeyd edib ki, artıq Ermənistan bunun nəticələrini hiss etməkdədir: “Çünki Ermənistanın Avrasiya iqtisadi zonasından kənar dövlətlərlə iqtisadi əlaqələri zəifləyib. Artıq Avrasiya Birliyinin üzvü olduqdan sonra daha ciddi problemlərlə üz-üzə qalmaqdadır. Amma buna baxmayaraq, Ermənistana siyasi, müəyyən mənada da iqtisadi dəstək var. Birləşmiş Ştatlardan dəstək var. Bunu daha çox xristian həmrəyliyi və islamafobiya ilə bağlamaq lazımdır. Roma Papasının qondarma erməni ”soyqırımı"nı XX əsrin ilk “soyqırımı” adlandırması xristian həmrəyliyinin fəaliyyəti kimi yozula bilər. Burada “ilk” sözünün də çox ciddi mənası var. Məsələ ondadır ki, Roma Papasının məntiqinə görə, ilk olaraq ermənilərə qarşı tədbirlər görülsəydi, sonrakılar da, yəni Holokost da olmazdı".
E.Nəsirov əlavə edib ki, bir çox ölkələrdə psevdo, yalançı ekspertlər iş başındadır: “Onlar deyirlər ki, 1900-cü ildə müsəlmanların sayı dünyada 150 milyon idi, bir əsr keçəndən sonra isə 1 milyard 300 milyona çatıb. Onların fikrincə, bu, artıq böyük faciədir və qeyd edirlər ki, müsəlman dünyasında illik artım 3,6 dəfədirsə, 30-a yaxın xristian ölkəsində insanların artımı 1,4-dür. Göründüyü kimi, onlar yalançı bir həyəcan təbili çalırlar və isteriya ilə məşğuldurlar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ermənistana olan məlum münasibətdə, bu ölkənin aqressiv siyasətinə göz yummaqda və digər məsələlərdə xristian həmrəyliyi və islamofobiya kimi məsələlər xüsusi rol oynayır”.
BƏXTİYAR