18 Aprel 2015 12:55
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə rezonans doğuran qətllər seriyası davam edir. Aprelin 16-da məşhur ukraynalı yazıçı və jurnalist, “Seqodnya” qəzetinin keçmiş şef-redaktoru Oles Buzina yaşadığı evin qarşısında qətlə yetirilib. Jurnalistə tünd mavi rəngli Ford Fokus markalı avtomobildən atəş açılıb. Oles Buzinanın qətlində istifadə olunan avtomobilin artıq tapıldığı bildirilir.

Qeyd edək ki, aprelin 15-də Ukraynanın keçmiş başçısı Viktor Yanukoviçin silahdaşı, “Regionlar partiyası”ndan Ali Radanın sabiq deputatı, “antimaydan” hərəkatının təşkilində iştirak edən Oleq Kalaşnikov da öz mənzilinin qapısı qarşısında öldürülmüşdü. O.Kalaşnikovun cəsədi Kiyevin Podolsk rayonunda öz evinin blokunda aşkarlanıb. O, ölümündən bir gün əvvəl öz dostuna elektron məktub yazaraq siyasi baxışlarına görə təqib olunduğunu bildirib. Sabiq deputat qeyd edib ki, onu məhkəmə ilə hədələyirlər.

O.Kalaşnikovdan iki gün əvvəl - aprelin 13-də isə Rusanovsk bağları mikrorayonunun küçələrinin birində ProUA və “Obkom” internet nəşrlərinin qurucularından biri jurnalist Sergey Suxobokun cəsədi tapılmışdı.

Ukrayna Prezidenti Petro Poroşenko bütün qətllərin operativ təhqiq olunmasını tələb edib.

İnterfaks agentliyinin məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Oleq Kalaşnikov və Oles Buzinaya müxtəlif silahlardan atəş açılsa da, hər iki qətl eyni sxem üzrə həyata keçirilib. O, həmçinin istintaqın bu qətllərlə bağlı məişət, kommersiya, həmçinin daha inandırıcı görünən ictimai-siyasi motivlərin də olduğu bütün versiyaları araşdıracağını qeyd edib. Qətl üzrə cinayət işi qaldırılıb. İstintaq Kalaşnikovun siyasi fəaliyyəti, anti-maydan təşkilatı ilə əlaqəsi, biznes maraqları, borc məsələlərini, şəxsi münasibətləri və soyğunçuluq məqsədi ilə qətli versiyaları üzrə işləyir.

Kalaşnikovun rəqibləri iddia edirdilər ki, o, Maydan hadisələrində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ən aqressiv tərəfdarlarını maliyyələşdirib. Ukrayna mediası da qətlin anti-maydan hərəkatı ilə bağlı olması versiyası üzərində dayanır.

Qeyd edək ki, ilin əvvəlindən Zaporojye vilayətinin qubernatoru Aleksandr Pekluşenko da daxil olmaqla, Yanukoviçin partiyasından üç nəfər şübhəli şəkildə intihar edib.

Aprelin 17-də Ukraynanın Xmelnitski vilayətində fəaliyyət göstərən “Netişinski vestnik” nəşrinin baş redaktoru Olqa Morozun zorakılığa məruz qalmış cəsədi onun mənzilində aşkarlanıb. Məlumata görə, baş redaktoru qətlə yetirənlər mənzildən bəzi qiymətli əşyaları da aparıblar. Qətllə bağlı bildirilir ki, jurnalistin öldürülməsi məişət zəminində, yaxud da onun peşə fəaliyyəti ilə bağlı ola bilər. O.Morozun qətlinə onun meşələrin qanunsuz kəsilməsinə yönəlik hazırladığı materialın da səbəb ola biləcəyi qeyd edilir.

Ancaq məsələyə indiyədək nə Avropa strukturları, nə “Human Rights Votç”, nə də “Freedom House” münasibət bildirib.

Milli Məclisin deputatı Zahid Oruc da bildirib ki, Ukrayna həm beynəlxalq münasibətləri müəyyənləşdirmək, həm də orada cərəyan edən hadisələrdən dərs çıxarmaq üçün yaxşı bir testdir. Onun sözlərinə görə, bir az obrazlı desək, ölənlərin kimliyinin və onların siyasi mənsubiyyətinin Qərb təşkilatlarının demoktlığına müəyyən mənada dəxli var: “Yəni, son günlər öldürülənlər çox böyük şövqlə 9 May qələbə paradının çox kiçik bir hissəsini Ukraynada qeyd etmək istəyirdilər. Onlar öz evlərinin kandarında qətlə yetirildilər. Lakin biz nə CNN-də, nə BBC televiziyasında silsilə süjetlərin şahidi olmadıq, Boris Nemtsovu anti-rusiya propoqandasının ən mühüm yeminə çevirən bu dairələr, informasiya maşını, nəhəng siyasi mərkəzlər nədənsə Ukraynadakı qeyd etdiyiniz qətlləri görmürlər. Belə çıxır ki, jurnalistlər fəal bir şəkildə hazırkı Maydan hökumətini, onların timsalında Qərb dairələrini kəskin pisləyirlərsə, onları öldürmək olar”.

Müsahibimiz qeyd edib ki, Leonid Kuçma hakimiyyətini onu fəal şəkildə tənqid edən jurnalist Georgi Qonqadzenin qətli üzərində devirdilər: “2003-cü ilin narıncı inqilabı məhz həmin ideologiyanın üstündə getdi. ”Qonqadzenin ölümündən sonra başladılan istintaq-əməliyyat tədbirləri nəticə verməyəcək" deyə bütün beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Kuçmanı linç edirdilər. Ən sonda da onu devirə bildilər. Qonqadze bu qədər qeyri-adi bir fiqur idi? Məsələ ayrı şeydədir. On illər ərzində, yeni hakimiyyət dövründə sifariş verəni tapdılarmı? Çox maraqlıdır ki, hazırkı Maydan inqilabi komitəsi də həmin Kuçma ilə əməkdaşlıq edirlər. Kuçma Ukrayna adından qondarma respublikalarla danışıqlarda iştirak edir. Bəs, axı bu Kuçma vampir, killer, öz xalqını və jurnalistləri qətl edən bir şəxs imicində idi. Nə oldu? Nə tez təmizləndi Kuçma həmin obrazdan? Ona görə mən sizi əmin edirəm; Qərb demokratiyanı işğal alətinə çevirib və bundan bəhrələnir. Əslində, bu, bolşevizmin ixracından heç nə ilə fərqlənmir. Vaxtilə SSRİ liderləri sosialist düşərgəsini genişləndirmək siyasəti yürüdürdülər, indi də Qərb “demokratiya tankları”nı irəli yeridib və dünyanı bu vasitə ilə tutur".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər