22 Aprel 2015 18:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya rəsmilərindən Qarabağ açıqlamaları

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün imkanlar var. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiostansiyalarının birgə efirində deyib. Onun sözlərinə görə, Rusiya bu çox çətin, lakin əslində həlli mümkün olan münaqişənin nizamlanması üçün hamıdan çox şey edib və etməkdə davam edir.

XİN rəhbəri qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa ilə işləməyə davam edir: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə mütəmadi ünsiyyət saxlayırıq. Bizim prezident də Azərbaycan və Ermənistan prezidentləri ilə təmaslarında bu mövzunu müzakirə etməyə davam edir. İrəliyə getmək üçün hamı tərəfindən qəbul edilə biləcək əsas tapmağa imkan var və ümid edirik ki, qarşıdakı görüşlər, o cümlədən Yerevandakı təmaslar (Vladimir Putinin Ermənistana qarşıdakı səfəri-red.) bu məsələdə sürətlənməyə imkan verəcək. Məncə, bu, artıq yetişib”.

S.Lavrov daha sonra Türkiyə və Ermənistan arasında diplomatik əlaqə yaradılmasına dair protokolun həyata keçirilməsi üçün Moskvanın lazım olan səyləri göstərəcəyini bildirib. Onun sözlərinə görə, Rusiya türk-erməni münasibətlərinin normallaşmasının tərəfdarıdır: “Qarabağ probleminin həll edilməsini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını istəyirik. Bunu üçün çoxlu mühüm işlər aparırıq”.

Dünən, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini açıqlayıblar. Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bayram tədbirlərində iştirak etmək üçün Türkiyədə olan İraq prezidenti Fuad Məsumla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsini həll etmədiyini deyib.

R.T.Ərdoğanın sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hər il bir araya gəlsələr də, bu, səmərə vermir.

Qardaş ölkənin baş naziri Əhməd Davudoğlu isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin vacibliyini vurğulayıb. Ə.Davudoğlu bunu “CNN Türk” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması qəbuledilməzdir. Ə.Davudoğlu qeyd edib ki, Türkiyə Cənubi Qafqazda həmişə sabitlik və sülhün tərəfdarı olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər