24 Aprel 2015 11:48
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlu hərəkat üzvlərinə şərt qoyub

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasındakı yeni qaydaya əsasən, partiya xətti ilə namizədliyini irəli sürəcək şəxslər başqanın adına ərizə yazmalı, adları Məclisdə təsdiq edilməlidir. Bu isə o deməkdir ki, ADR-də təmsil olunan, Qubad İbadoğlunu açıq şəkildə müdafiə edən Vurğun Əyyub, Adil Qeybulla, Mehman Cavadoğlu, Ellada Məmmədli və digərləri namizəd olacağı təqdirdə başqan Arif Hacılının adına ərizə yazmalıdır.

ADR Hərəkatının üzvləri isə hesab edir ki, burada məqsəd Müsavatın rəhbərliyini qeyri-legitim elan edən şəxsləri cəzalandırmaqdır.

Hərəkatdan daxil olan məlumata görə, namizəd olmaq istəyən şəxslər bitərəf qismində seçkiyə qatıla bilər. Hesab olunur ki, V.Əyyub başda olmaqla Müsavat rəhbərliyini legitim hesab etməyənlər seçkiyə bitərəf kimi gedəcək və Arif Hacılının adına ərizə yazmayacaqlar.

ADR Hərəkatının təsisçilərindən Hüseyn Məlik bildirib ki, hərəkatda təmsil olunanlar partiyanın namizədi olmamalıdır: “Açığı, mən Müsavatın seçkili qurumlarını legitim saymayan dostların partiyanın deputatlığa namizədi olmalarını qəbul etmirəm. Çünki onlar seçki vaxtı partiya qarşısında xüsusi öhdəlik götürəcəklər. Kampaniya vaxtı necə deyə bilərlər ki, Müsavat ölkənin ən demokratik partiyasıdır?”.

H.Məlik onu da bildirdi ki, hazırda müxalifətdə bəzi insanlar parlamentə düşməkdən ötrü hər cür yola əl atmağa hazırdır: “Mandat uğrunda keçmişinin üstündən xətt çəkməyə hazır olanlar var. Mən bunu doğru hesab etmirəm. Onlar nə qədər səhvə yol verdiklərini anlamırlar. Şəxsən biz ADR olaraq seçkilərə qatılmayacağıq. Bununla bağlı hərəkatın sədri Qubad İbadoğlunun açıqlaması var. Kimsə müstəqil şəxs kimi fərdi qaydada namizədliyini verəcəksə, öz işidir və ona uğurlar arzulayırıq. Amma Müsavatdan narazıların partiyanın siyahısına düşmək istəməsi düzgün deyil”.

Məlumat üçün qeyd edək ki, ADR Hərəkatının təsisçilərindən bir çoxu seçkilərə qatılmaq haqqında qərarını verib, lakin hələlik bunu ictimaiyyətə açıqlamırlar.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər