6 May 2015 19:54
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqan Ala: “Azərbaycanın Avropa Oyunlarının öhdəsindən layiqincə gələcəyinə əminəm”

Azərbaycanın bir qrup jurnalistinin Türkiyənin Ərzurum, Qars və İqdır şəhərinə səfəri davam edir. Dünən jurnalist qrupu Türkiyənin sabiq daxili işlər naziri, hazırda hakim partiya AKP-nin Ərzurumdan deputatlığa namizədi Əfqan Ala ilə görüşüb.

Azərbaycanlı jurnalist heyəti ilə görüşdə Əfqan Ala Türkiyə-Azərbaycan dostluğundan, ölkələrarası münasibətlərdən danışıb. O bildirib ki, bölgənin iki önəmli dövləti məhz qardaş olan Azərbaycanla Türkiyədir: “Bizim qardaşlığımızı, dostluğumuzu, gücümüzü görmək istəməyən qüvvələr var. Bu iki türk cümhuriyyətinin birgə fəaliyyəti zaman-zaman qısqanılır. Bu qısqanclıq indi də davam edir. Güclü olmağımız üçün birgə fəaliyyətimizin gücləndirilməsi lazımdır. Birgə işləməyə məcburuq. Bu zaman beynəlxalq aləmə, türkün güclənməsini istəməyənlərə gücümüzü, söz sahibi olduğumuzu göstərə bilərik”.

Millət vəkilliyinə namizəd deyib ki, son vaxtlar Türkiyəyə, ümumən türklərə qarşı iftira atıldığına şahid oluruq: “Bəzi ölkələr, Avropa Parlamenti, Vatikan qondarma erməni “soyqırımı”nı tanıyan qərarlar qəbul etdi, bəyanatlar səsləndirdi. Təbii ki, biz birmənalı olaraq “soyqırımı” iddiasını rədd edirik. Çünki biz ermənilərə qarşı soyqırımı törətməmişik. Bizi düşündürən odur ki, niyə ermənilərin yalançı “soyqırımı” iddiasını dəstəkləyən Avropa Parlamenti, Vatikan və yaxud digər dövlətlər Xocalıda Azərbaycan türkünün tökülən qanına biganə yanaşır. Onlar soyqırımı görmək istəyirlərsə, Xocalıya baxsınlar. Xocalıda ermənilərin törətdiyi qətliamlar 100 il əvvəl yox, 23 il əvvəl baş verib”.

Ə.Ala deyib ki, Xocalıda yüz minlərlə insan ermənilər tərəfindən qətlə yetirilib: “Bu, təbii ki yaxın tarixdir. İlk öncə erməni havadarları buna baxsınlar. Həmçinin 1918-ci ildə Azərbaycanın Quba rayonunda qətliamlar törədiblər ki, bunun toplu məzarlığı mövcuddur. Eyni zamanda Ərzurumda, Qarsda, İqdırda, Vanda, Amasiyada erməni vəhşilikləri olub. Bu qətliamların da məzarlıqları mövcuddur, həmçinin şahidlər öz nəvələrinə bəhs ediblər”.

“Türkiyə müharibə dönəmində bu torpaqlarda yaşayan ermənilərin təhlükəsizliklərinin təmini məqsədilə ölkənin bir yerindən başqa yerinə köçürüb, amma ermənilər və onların havadarları bunu utanmadan “soyqırımı” adlandırırlar” – deyən Ə.Ala bildirib ki, burada məqsəd Türkiyənin güclənməsinin qarşısını almaqdır: “Bu məsələni siyasi şouya çevirib Türkiyənin daxili məsələlərə başını qarışdırmaq niyyəti güdürlər ki, bölgədə türk dövlətləri güclənməsin. Əgər səmimidirlərsə, bunun araşdırılmasını taxirçilərin öhdəsinə buraxsınlar. Türkiyə arxivlərini açmağa hazırdır. Biz bunu dəfələrlə demişik. Amma ermənilər bundan yayınırlar. Niyə? Səbəb odur ki, iddialarının yalan olduğu ortaya çıxacaq. Türklər heç zaman soyqırımı etməyib. Alnımız açıqdır”.

Millət vəkilliyinə namizəd bir daha Türkiyə-Azərbaycan əlaqələrinə, qardaşlığına toxunaraq deyib ki, bütün addımlarımızı birgə atmalıyıq: “Hər kəs bilsin ki, Türkiyəyə edilən pislik, iftira həm də Azərbaycana edilir, Azərbaycana edilən də Türkiyəyə. Türkiyənin rəsmiləri bütün görüşlərində Qarabağ işğalını, Xocalı soyqırımını xatırladır, gündəmə gətirir. Azərbaycan rəsmiləri də hər zaman Türkiyənin problemlərini qabardır. Qardaşlıq budur və bu cür də davam etməlidir. İnanıram ki bundan sonra da iş birliyimiz inkişaf xəttində olacaq”.

Ə.Ala Azərbaycanın inkişafından da söz açıb: “Biz qardaş ölkəmizin gündən günə inkişaf etdiyini görürük. Buna çox sevinirik. Çünki Azərbaycanın inkişafı, gücü həm də Türkiyənin inkişafı və gücü deməkdir. Mən Bakıdakı inkişafı da qeyd etmək istəyirəm. Qardaş ölkənin paytaxtında böyük infrastruktur yaradılıb, şəhərdə abadlıq işləri sürətlə görülüb və bu davam etməkdədir. Artıq Bakı böyük meqapolislərdən birinə çevrilib. Bütün bunlar hörmətli prezident İlham Əliyevin iradəsinin nəticəsində əldə edilib. Gələn ay Bakıda ilk Avropa idman oyunlarının keçiriləcəyindən xəbərim var. Bu böyük bir tədbirin öhdəsindən Azərbaycanın layiqincə gələcəyindən əminəm. Həm də belə beynəlxalq yarışlarıın artıq qardaş dövlətdə mütəmadi hal alması səmimi sevincimizə səbəb olur. Bu böyük tədbirin keçirilməsində Azərbaycana uğurlar diləyirəm”.

Nemət


Müəllif:

Oxşar xəbərlər