27 May 2015 13:01
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya səfəri mətbuatın əsas mövzusu olaraq qalır. Avropa Birliyinin (AB) Riqadakı “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində baş tutan Moskva səfəri müxtəlif aspektlərdən müzakirə olunmaqdadır. Rəsmi görüşlərlə zəngin olan bu səfər zamanı Azərbaycan naziri maraqlı açıqlamalarla çıxış edib.

Məmmədyarov xarici işlər naziri Sergey Lavrov, Dövlət Dumasının spikeri Sergey Narışkin və baş nazirin təhlükəsizlik və hərbi məsələlər üzrə müavini Dmitri Roqozinlə görüşü zamanı əsasən, Dağlıq Qarabağ münaqişəsini qabardıb və onun həllində Kremlin rolundan danışıb.

Bu xüsusda Azərbaycan XİN başçısının səfər çərçivəsində “Rossiya 24" kanalına verdiyi müsahibədə bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı istisna deyil, amma bu əməkdaşlığın əsasə şərti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. “Belə bir deyim var: ”Heç vaxt "heç vaxt" demə". Azərbaycan rəhbərliyi bu məsələdə öz xarici siyasət doktrinasını ölkənin milli maraqlarından çıxış edərək qurur. Avrasiya İqtisadi Birliyində Avropa Birliyi ilə assosiasiya sazişində olduğu kimi, şərtlərdən biri azad ticarət zonası haqdadır. Avropa Birliyi ilə bu, mümkün deyil, çünki biz Beynəlxalq Ticarət Təşkilatının üzvü deyilik. Avrasiya İqtisadi Birliyinə gəlincə, burada Gömrük İttifaqı mühüm rol oynayır. Lakin Ermənistan tərəfindən torpaqlarımızın işğalı Gömrük İttifaqında bizim onunla birgə mövcudluğumuza imkan vermir. Əgər Ermənistan öz silahlı qüvvələrini ərazilərimizdən çıxarsa, o zaman sərhədlər açılar və əgər situasiya normallaşarsa, Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlər yaranarsa, kim bilir, sabah nə olacaq...”

Səfərin yekunlarını şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Məmmədyarovun Rusiya səfərində diqqət çəkən məqamlar sırasında onun yüksək səviyyədə qarşılanması, yüksək rütbəli rəsmilərlə görüşü və Dağlıq Qarabağ münaqişəsilə bağlı konkret, aydın mövqe bildirməsi yer alır: "Lavrov qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın xarici siyasətində prioritet məsələdir. İlk dəfədir ki, Kreml bu məsələdə praktiki və real addımlar atır. Söhbət Ermənistana təzyiqlərdən gedir. Məmmədyarov açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayınca, Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq. Eyni zamanda düşünürəm ki, Azərbaycan Avropa İttifaqı ilə Rusiya arasında peşəkar səviyyədə siyasi manevrlər edir. Hər iki tərəflə münasibətlərdə Dağlıq Qarabağ "qırmızı xətt" kimi keçir. Bu, Azərbaycanın münaqişə ilə bağlı mövqeyini daha da möhkəmləndirir. Azərbaycan Rusiyanı fakt, çətin seçim qarşısında qoydu. Ya Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsan, ya da birgə əməkdaşlıq olmayacaq".

Q.Hüseynli hesab edir ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı konkret addımların atılmasını gözləmək olar: "Söhbət birinci mərhələdə 7 rayonun qaytarılmasından, Dağlıq Qarabağa aralıq statusunun verilməsindən və münaqişənin birdəfəlik həllindən gedir. Məmmədyarovun da dediyi kimi, siyasətdə mümkünsüz heç nə yoxdur və əgər münaqişə həllini taparsa, Azərbaycan Ermənistanla münasibətlərini yaxşılaşdıra bilər".

Ayxan


Müəllif:

Oxşar xəbərlər