28 May 2015 19:33
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“156 min dollar təzminat tələb edirəm”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatında mərkəzdənqaçma meyilləri müşahidə olunur. Partiya rəhbərliyi susqunluq nümayiş etdirsə də, təşkilatın fəalları bu haqda danışmağa başlayıb.

Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev deyib ki, partiyada ona münasibət artıq dəyişib. Onun sözlərinə görə, hazırda partiya rəhbərliyini tənqid etdiyi üçün ondan xoşları gəlmir: “Tənqid etdiyim üçün sosial şəbəkədəki səhifəmi belə dağıdıblar. Bir müddət əvvəl isə Məclisdə partiyadan çıxarılmağımla bağlı məsələ qoyulacaqdı. Lakin Ağaşirin Tanrıverdioğlunun məsələsi qoyuldu və onu partiyadan çıxardılar. Həmin vaxt mən buna etiraz edəndə Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən də bu barədə Facebook səhifəmdə yazandan sonra profilim dağıdıldı və deaktiv edildi. Hesab edirəm ki, səhifəm AXCP tərəfindən dağıdılıb. Bu məsələnin araşdırılması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Mənə qarşı partiya tərəfindən aqressiyanın yaranma səbəbini özüm də anlamıram. Mənə deyirlər ki, partiya rəhbərliyinin siyasətini tənqid etdiyim üçün bu münasibət formalaşıb. Təbii ki, mənə qarşı belə münasibətin formalaşmasında rəhbərliyin rolu var. Mən qəti qərar vermişəm ki, profilimi dağıdanların AXCP rəhbərliyində təmsil olunanların olduğu sübuta yetirilsə, həmin gün partiyadan istefa verəcəyəm”.

AXCP rəhbərliyi hələlik Dəyanət Babayevin ittihamlarına cavab vermir. Yalnız partiyanın təşkilat şöbəsinin müdiri deyib ki, səsləndirilən ittihamlar araşdırılacaq və bundan sonra müvafiq qərar veriləcək.

Dünən isə bəlli olub ki, partiyadan çıxarılan Ağaşirin Tanrıverdioğlu AXCP rəhbərliyini və “Azadlıq” qəzetini məhkəməyə verib. Bildirib ki, artıq iddia ərizələrini 1 saylı Bakı Inzibati-iqtisadi Məhkəməsinə təqdim edib. AXCP rəhbərliyini və adıçəkilən qəzeti məhkəməyə vermə səbəbindən danışan A.Tanrıverdioğlu deyib ki, ömrümün 26 ilini AXCP-yə həsr edib: “Bunlar məni qanunsuz olaraq partiyadan xaric ediblər. Partiya rəhbərliyini məhkəməyə vermişəm ki, məndən üzr istəsinlər. Ya da 156 min dollar məbləğində təzminat ödəməlidirlər. ”Azadlıq" qəzetindən də təzminat tələb edirəm. Cünki həmişə bu qəzetə dəstək olmuşam, ianələr vermişəm. Amma bunlar mən partiyadan çıxarılandan sonra mövqeyimi dərc etməyiblər. Ona görə ki, qəzet AXCP sədri əli Kərimliyə xidmət edir".

CAVIDAN


Müəllif:

Oxşar xəbərlər