29 May 2015 12:41
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, bu haqda deputatlara Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Bildirib ki, bu məsələ komitədə geniş müzakirə olunub: “İTV-nin çox böyük təcrübəsi var. Lakin yüngül verilişlərə çox yer ayrılır. Təklif edirəm ki, sadəcə dəqiq verilişlərə yer verilsin. İTV həm də vaxtaşırı olaraq hesabat versin. Bununla da qarşılıqlı etimad olsun”.

Millət vəkili Fazil Mustafa da hesabat verilməsi fikrini dəstəkləyib: “Heç bir halda cəmiyyət qarşısında onların çıxışını görmədim. İTV-nin çıxışını bir az da gücləndirmək lazımdır. Bu formal hal daşımamamlıdır. Təklif edirəm ki, ictimai nəzarətə mane olan hadisələrə qarşı müəyyən normativ aktlar qəbul edək”.

Millət vəkili Fuad Muradov deyib ki, 10 il müddətində gəncləri Yayım Şurasında təmsil edib: “Hər il biz hesabat təqdim edirik. Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Ancaq bu bir TV-dən başlaya bilməz. Ona görə televiziyaya qarşı nəzarət güclənməlidir”.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, deputatlara İTV ilə bağlı sənəd veriblər və o sənəd çıxarış formatındadır: “Bu məktub formasında olmalıdır. Bunun Milli Məclisə nə dəxli var? Mən baxıram ki, bunun televiziyaya heç bir dəxli yoxdur. İş yerləri və təhsili televiziyadan uzaq olan adamları bu sənəddə təqdim ediblər. Televiziyalarımız ona görə narazılıq doğurur. Televiziyalarda dəfələrlə tənqidi materaillar səslənir. Bəs hansı nəzərə alınır?”

Daha sonra İTV-nin Yayım Şurası ilə bağlı məsələ səsverməyə çıxarılıb. Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər. Onlar artıq müddətləri bitmiş Namiq Məmmədovun, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçiliblər.

Nemət


Müəllif:

Oxşar xəbərlər