Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı səfir İqor Bodiunun diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fövqəladə və səlahiyyətli səfir İqor Bodiu qeyd edib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəmizi tərk edəcək. Moldovalı diplomat deyib ki, son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərini müşahidə etməkdə onun səfir kimi bəxti gətirib. O, bütün bu uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi vurğulayıb. İqor Bodiu ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrimizin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb.