Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, spiker qonaqları salamlayaraq bu səfərin ölkələrimizarası əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə etdi.
Qeyd edib ki, bu səfər əlamətdar hadisə - Birinci Avropa Oyunlarının açılışı ərəfəsinə təsadüf edir. Səfər zamanı tədbirlə əlaqədar ölkədə görülən işlərlə yaxından tanış olmaq imkanı vardır.
Söhbətdə spiker bildirdi ki, dövlətlərarası münasibətlərin inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri önəmli rol oynayır. Bu baxımdan parlament nümayəndə heyətlərinin görüşləri də əhəmiyyətlidir. Azərbaycan parlamentində Avstraliya ilə əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini vurğulayan spiker belə bir qrupun Avstraliya parlamentində də yaradılacağına ümidvar olduğunu deyib. . Qeyd edildi ki, bu günədək ölkələrimiz arasında 1 sənəd imzalanıb, 3-nün üzərində iş aparılır. Hər iki ölkənin potensialı iqtisadi əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün böyük imkanlar yaradır. Bu məqsədlə biznes forumların keçirilməsi, müxtəlif layihələrin reallaşdırılması ümumi məqsədlərə xidmət edərdi.
Sədr bildirdi ki, Azərbaycanda investisiya qoyuluşu üçün yaxşı mühit yaradılmışdır. Bu günədək ölkə iqtisadiyyatına 150 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Təqdirəlayiq haldır ki, ölkəmiz xarici dövlətlərin iqtisadiyyatına da sərmayə yatırmaq iqtidarındadır. Bu yaxınlarda Avstraliya qiymətli kağızlar bazarına Azərbaycan tərəfindən qoyulmuş investisiya bunun əyani sübutudur. Avropa Oyunlarına hazırlıq çərçivəsində Avstraliyalı iş adamlarının iştirakını biz təqdir edirik.
Azərbaycanın sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdıran parlamentin sədri ölkə ictimaiyyətini narahat edən Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini açıqladı. O, dünyadakı erməni diasporunun problemin həllinə böyük maneçilik törətdiyini və Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışdığını söylədi. Qeyd edildi ki, iqtisadi qüdrətinə baxmayaraq, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Avstraliya Parlamentinin üzvü Lük Simkins Azərbaycana səfərindən və burada gördüklərindən məmnun olduğunu söylədi. O, Azərbaycan parlamentində deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək, ölkənin qanunvericilik orqanına gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, Avstraliya Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Parlamentlər səviyyəsində münasibətlərin inkişafı gələcəkdə əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.
Nemət