AXCP-də "təmizləmə işi" davam edir. Musavat.com xəbər verir ki, bu gün daha iki nəfər partiyadan xaric edilib. AXCP-nin Nərimanov təşkilatı Məclisinin toplantısında sədrin gənclər üzrə müavini Dəyanət Babayev və AXCP Gənclər Təşkilatının fəalı Cavid Musazadənin partiya sıralarından çıxarılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Dəyanət Babayevin AXCP-dən çıxarılacağı gözlənilən idi. Bu barədə musavat.com-a mayın 25-də AXCP-dən xaric olunan Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu məlumat vermişdi: “Dəyanət Babayev indiyə qədər 11 dəfə həbs olunub. Dəfələrlə inzibati həbs cəzası alıb. Hazırda üzərində şərti cəzası var. Onun demokratik, açıq fikirli olması Əli Kərimlinin xoşuna gəlmir. Birbaşa mərkəzdən qərar gəlib ki, çıxarılmalıdır. 4 iyunda axşam saat 20:00-a Məclis çağırılıb. Mənə məlumat verən şəxs həmin məxfi toplantıda iştirak edib. Məlumat dəqiqdir. Deyirlər ki, Dəyanətin fəaliyyəti partiyanın siyasi xəttinə uyğun gəlmir. O, guya ki, özbaşınalıq yaradır. Əslində özlərinin etdiklərindən sanki xəbərsizdirlər”.
Qovulma təhlükəsi ilə üzləşdiyini Dəyanət Babayevin özü də təsdiqləmişdi: “Məni Məclisə dəvət ediblər. Amma iştirak etmək fikrim yoxdur. Əvvəlcədən müəyyənləşdirilən Məclisdə iştirak etməyin mənası yoxdur. Artıq bezmişəm. Nə qədər qapalı zallarda qeybət etmək olar? Mənası olan işlərlə məşğul olmaq lazımdır. Kiminsə statusunu yaxud sözlərini müzakirə çıxarmaq biabırçılıqdır. Təkrar iclaslar, təkrar müzakirələrdən yorulmuşam. Çıxarılacağımı gözləyirəm. Çünki o qədər vicdanlı insanları xaric etdilər ki”.